İnsanların bir çoxunun din haqqındakı məlumatları, uşaq vaxtlarından etibarən ətraflarından əldə etdikləri məlumatlara əsaslanır. Dini, əsl qaynağından, yəni Qurandan öyrənmədikləri üçün də, din adı altında bir çox xurafata, əsassız inanca qapılarlar. Bu inancların ən təhlükəlilərindən biri isə, dini yaşamağın çətin olduğu şəklindəki həqiqətə uyğun olmayan inancdır.
Tarix boyunca, dini özündən kənarlaşdırmağı məqsəd qoyan və dinin yaşanmasına maneə törətmək üçün müxtəlif üsullar sınayan kəslər, dinə bir çox çətinləşdirici əməl və xurafat qatmağa çalışmışlar. Öz törətdikləri əməllər üzündən bilərək və ya bilməyərək insanların dindən uzaqlaşmalarına səbəb olmuşlar. Halbuki, Allahın Quranda bildirdikləri və Peyğəmbərimizin sünnəsi bizə dinin yaşanmasının səmimi insanlar üçün son dərəcə asan olduğunu öyrədir.
Əvvəlcə bunu ifadə etmək lazımdır ki; Allah kainatdakı hər şey kimi insanı da yoxdan var etmişdir. İnsanı ən yaxşı tanıyan, ona şah damarından daha yaxın olan Allah, dini də insanın yaradılışına uyğun yaratmışdır. Allah bir ayəsində insanın din ilə fitrətinə (yaradılışına) ən uyğun olana çağırıldığını belə xəbər verir:
Batildən haqqa tapınaraq üzünü Allahın fitri olaraq insanlara verdiyi dinə tərəf tut. Allahın dinini heç vəchlə dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların əksəriyyəti bilməz. (Rum surəsi, 30)
Rəbbimizin şəfqət və mərhəməti olaraq dövrlər boyu göndərilmiş bütün haqq dinlər hər zaman çox asan tətbiq oluna bilən hökmlərə sahib olmuşlar. Çünki Allah insanlar üçün daim asanlıq diləmişdir və "... Allah, sizə asanlıq diləyər, çətinlik diləməz..." (Bəqərə surəsi, 185) ayəsi ilə bu həqiqəti xəbər vermişdir. Allahın sərhədlərinə uyan bir insan eyni zamanda, yaradılışına ən uyğun olan son dərəcə gözəl bir həyatı yaşayan insandır.
Bu həqiqəti bilməyən bəzi insanlar isə, din əxlaqının sərhədləri qalxdığı təqdirdə daha rahat yaşayacaqlarını; məsələn əxlaqi dəyərlərə əhəmiyyət vermədikləri zaman azad olacaqlarını düşünərlər. Ya da dinin həyatlarını çətinləşdirəcək bəzi məhdudlaşdırmalar gətirəcəyini zənn edərlər. Halbuki bütün bunlar insanların qapıldıqları çox böyük yanılmalar və şeytanın yalanlarıdır. Çünki Allahın dinini yaşamaq, insanlara əmr etdiklərini yerinə yetirmək son dərəcə asandır. Əsil çətin olan, Allahın bildirdiyi sərhədləri tanımayan insanlardan ibarət olan bir cəmiyyətdə yaşamaqdır. Belə bir həyatın sonu son dərəcə pis nəticələrlə bitir.
Əvvəlcə din əxlaqından uzaq yaşayan cəmiyyətlərdə və ya dinsiz insanların həyatlarında daim xaos, qarışıqlıq, narahatlıq, qorxu, bədbəxtlik və stress vardır. Allahdan qorxmayan bir insan hər cür əxlaqsızlığı edər, heç bir mövzuda sərhəd tanımaz və degenerasiyalı bir həyat sürər. Belə bir həyatda insanlar bir-birlərinə qarşı fədakarlıq göstərməz, sevgi, hörmət bilməz, maddi və mənəvi dəstək verməzlər. Buna görə də, belə bir həyat heç bir zaman, heç bir insana xoşbəxtlik gətirməz. Din əxlaqının sərhədləri qalxdığı zaman insanın hüzur tapacağı mühitin tam tərsi meydana gəlir və şeytanın istədiyi kimi cəhənnəmə bənzər bir mühit meydana gələr.
Məsələn, indiki vaxtda tez-tez nümunələrinə rast gəldiyimiz hadisələrdən narkotikanın istifadəsi və ticarətinin yayılması, fahişəliyin, rüşvətin, saxtakarlığın qarşısı alınmaz bir hal alması kimi vəziyyətlər bütünlüklə dindən, mənəvi hər cür dəyərdən və gözəllikdən uzaqlaşmasıyla əlaqədardır. Belə mühitlərdə insanlar özlərinə görə azad və dilədikləri kimi davranışlara sahib olduqlarını zənn edərlər. Halbuki, bu sərhəd tanımaz həyatlarının özlərinə gətirdiyi maddi və mənəvi dağılma, azadlıq zənn etdikləri hisslərdən daha çox böyükdür. Düşünün ki, fahişəlikdən, narkotikadan və ya spirtdən sağlamlığı pozulmuş, bədəni yaşına görə çox daha sürətlə yaşlanmış, saçları, dərisi parlaqlığını və canlılığını itirmiş, əldən düşmüş, səfil bir həyat sürən insanların qazancı nə ola bilər? Həqiqətən də, sərhəd tanımazlıq, əxlaqı heçə saymaq, məqsədi olmayan və sonunun yoxluq olduğu sayılan bir həyatı davam etdirmək, istisnasız hər insanda fiziki və ruhi olaraq çox böyük təxribatlar meydana gətirər. Üstəlik, bu nəticələr hər kəsin görə biləcəyi, əsla inkar edə bilməyəcəyi qədər açıq və qətidir.
Burada verilən nümunələrin çox adi nümunələr olduğunu düşünənlər ola bilər. Ancaq bu bir həqiqətdir ki, insan din əxlaqından nə qədər uzaq yaşasa, Allahın sərhədlərini nə qədər tanımazsa, o qədər bədbəxt və çətin bir həyat yaşayar. Bir insanın burada verilən nümunələrdəki qədər adi bir həyat yaşamış olması isə, onun asan və xoşbəxt bir həyatı olduğu mənasını verməz. Bəlkə də, yuxarıda bəhs etdiyimiz insanlara nisbətən bir az daha rahat bir həyat yaşayar. Amma həqiqi xoşbəxtliyi və hüzuru heç vaxt tapa bilməz. Üstəlik, nəticə olaraq da bu insan, Allahın əmrlərindən uzaqlaşdığı üçün böyük bir peşmanlıq duyacağı, çətinliklərin və ağrıların ən böyüklərini yaşayacağı axirət həyatı ilə qarşılaşarsa.
Allahdan qorxan və din əxlaqını əksiksiz olaraq yerinə yetirən insanlar isə, həm dünyada, həm də axirətdə böyük qazanca malikdirlər. Hər şeydən əvvəl, Allaha itaət etməyin mənəvi həzzini və vicdan rahatlığını yaşayarlar. Onlar üçün daim bir müjdə və gözəllik vardır. Allah, razılığına uyanları və sərhədlərini qoruyanları bir ayəsində belə müjdələyir:
Tövbə edənlər, ibadət edənlər, həmd edənlər, səyahət edənlər, rüku edənlər, səcdə edənlər, yaxşılığı əmr edənlər, pislikdən çəkindirənlər və Allahın sərhədlərini qoruyanlar; sən möminləri müjdələ. (Tövbə surəsi, 112)
Vicdanına tərs düşərək, Allahın sərhədlərini qorumaq mövzusunda zəif davrananlar və ya imanı çirkin görərək, imansızlığı gözəl görənlər isə, dünyada da, axirətdə də çətinliklərlə qarşılaşacaqlar. Allah bir ayəsində belə bildirir:
... Bunlar Allahın sərhədləridir. Kim Allahın sərhədlərini tapdalasa, həqiqətən o, öz nəfsinə zülm etmiş olar... (Talaq surəsi, 1)
Din əxlaqını yaşamağın çətin olduğunu zənn edən insanlarda, yuxarıda danışdığımız kimi dini yaşamağı çətin göstərən insanların vəziyyəti vardır. Dini qavraya bilməyən bəzi kəslər din mövzusunda ifrata yol verirlər. Necə ki, bəzi insanlar guya “azadlıq” adı altında Allahın sərhədlərini tanımadıqları kimi, başqaları da təqva adı altında Allahın qoyduğu sərhədləri dəyişdirmə, çətinləşdirmə cürətini göstərərlər. Bu, əslində şeytanın insanlara bir tələsidir. Allahın haram etmədiyini, haram kimi göstərib, daha çox qadağan meydana gətirməyi bu insanlar bir üstünlük zənn edərlər. Hətta, öz qoyduqları bu qaydalara da gərəyi kimi riayət etməz və bir də bunun vicdan çöküntüsünü yaşayarlar. Allah, bir ayəsində, hz. İsadan sonra İsəviliyi azdıran xristianları bu mövzuya bir nümunə olaraq verir:
Sonra onların ardınca peyğəmbərlərimizi yolladıq. Məryəm oğlu İsanı göndərib ona İncil verdik. Onun ardınca gedənlərin qəlblərində bir-birinə şəfqət, mərhəmət oyatdıq. Onlar özlərindən rahiblik icad etdilər. Biz onu onlara vacib buyurmamışdıq. Onlar bunu Allah rizasını qazanmaq üçün etdilər, lakin ona layiqincə əməl etmədilər. Biz onlardan iman gətirənlərin mükafatlarını verdik. Onların çoxu isə fasiqlərdir. (Hədid surəsi, 27)
Bu səbəbə görə Allah, inananları bu təhlükəyə qarşı xəbərdar etmiş və dində ifrata gedənlərin doğru yoldan azdıqlarını Quranda bildirmişdir:
De: “Ey kitab əhli! Dininizdə haqsız yerə aşırıya (ifrata) varmayın. Əvvəlcə yolunu azmış, bir çoxlarını da azdırmış və doğru yoldan çıxmış bir tayfanın nəfsinin istəklərinə uymayın!” (Maidə surəsi, 77)
İnsanın əməl etməsi lazım olan şey, Quranda Allahın insanlara əmr etdiklərini yerinə yetirmək və qadağan etdiklərindən də çəkinməkdir. Allah hər şeyi insanlar üçün asan edərkən dini çətinləşdirməyə çalışanlar, axirətdə bunun məsuliyyətinə yüklənmiş olaraq hesab verərlər. Hər şeydə olduğu kimi bu mövzuda da Peyğəmbərimizin həyatı və tətbiqləri bizə ən gözəl nümunədir. Bir hədisində mübarək Peyğəmbərimiz (s.ə.v.) Allahın sərhədlərindən ayrılmamağı və eyni zamanda sərhədləri aşmamağı möminlərə xatırlatmış və dinin asan olduğunu belə ifadə etmişdir:
“Din asandır. Kimsə dinə qarşı şedid (sərt) ola bilməz. Çünki məğlub olar. (Yəni dinin asanlığına uyğunlaşmalıdır ).” (Ramuz Əl-Hadis, 1-ci cild, s. 98)
İnsanların dini, Peyğəmbərimizin yuxarıdakı hədisiylə bildirdiyi şəkildə qiymətləndirmələri lazımdır. Yəni Allahın açıq və aydın izah etdiyi, asanlıqla tətbiq oluna biləcək hökmləri çətin göstərmələri böyük bir səhvdir. Necə ki, Allah Quranda bildirdiyi hökmləri hər cür şərt altında və mühitdə, hər insanın rahatlıqla tətbiq edə biləcəyi şəkildə asanlaşdırmışdır. Sonrakı hissələrdə, Allahın hökmlərində, halal və haramdan, insanlara verilən asanlıqlardan bəzilərinə yer veriləcək.
Allah ruzi olaraq insanlara çoxlu nemətlər vermişdir. Rəngarəng meyvələr, növbənöv yeməklər, tərəvəzlər, ətlər, içkilər … Hər biri insanların xidmətinə təqdim edilmişdir. Və Allah “Səndən hansı şeylərin halal edildiyini soruşarlar. De: “Bütün pak nemətlər sizə halal buyurulmuşdur”. (Maidə surəsi, 4) ayəsiylə, insanlara bütün təmiz yeməklərin halal edildiyi bildirmişdir.
Allahın insanlara haram etdiyi yeməklər isə, ölü əti, qan, donuz əti kimi, onsuzda insanlar üçün zərərli və təmiz olmayan yeməklərdir. Allah bir ayəsində belə buyurur:
De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm. Bununla yanaşı, hər kəs məcburiyyət qarşısında qalsa, həddi aşmadan, zəruri ehtiyacını ödəyəcək qədər Allah ona cəza verməz”. Çünki sənin Rəbbin, həqiqətən, bağışlayandır, rəhm edəndir!. (Ənam surəsi, 145)
Ayədə haram olan yeməklər üçün keçən “murdar” ifadəsinin çox hikməti vardır. Çünki donuz əti həqiqətən insan bədəninə zərər verəcək xüsusiyyətlərə malikdir.
Məsələn, donuz əti çox yağlıdır, bu yağ qana keçər. Qandakı yağlar damarların sərtləşməsinə, təzyiq yüksəlməsinə və ürək infaktına səbəb olar. Ayrıca donuz yağında “sutoksin” deyilən zəhərli maddənin çölə atılması üçün, linfa vəzilərinin daha çox işləməsi lazımdır. Bu vəziyyət xüsusilə uşaqlarda linfa düyünlərinin iltihablanması və şişməsi şəklində özünü göstərir. Bunlardan başqa donuz ətində bol miqdarda kükürd vardır. Orqanizmə daxil olan çoxlu sayda kükürd; qığırdaq, əzələ və sinirlərə oturaraq oynaqlarda iltihablanma, kirəncləşmə və bel yırtığı kimi müxtəlif xəstəliklərə gətirib çıxarar. Bununla bərabər müxtəlif dəri xəstəlikləri və trişin kimi (trişin yalnız donuz yoluyla keçər və insanlarda öldürücü bir vəziyyət meydana gətirər) ciddi xəstəliklərə də səbəb olur. (Burada donuz ətinin yalnız bilinən ümumi bir neçə zərərinə diqqət çəkilmişdir.)
Göründüyü kimi, insana zərər verəcək olan yeməklərin haram edilməsi insanlara təqdim edilmiş bir asanlıqdır.
Ancaq burada bir nöqtəyə diqqət çəkməkdə fayda vardır: Əlbəttə, bir şeyin haram və ya halal olması Rəbbimizin əmridir. Və insan yalnız Allahın əmrinə görə hərəkət etməkdən məsuldur. Allah bir yeməyin haram olmasının hikmətlərini diləsə insanlara göstərər, diləməzsə göstərməz. Amma, Allah insanlara bir asanlıq olması, ürəklərinin rahatlıq tapması üçün, yuxarıda verdiyimiz nümunədən aydın olduğu kimi, bu hikmətləri insanlara bir çox səbəb ilə göstərir.
Allah Quranda qadağan edilən yeməklərdən bəhs edərkən insanın başına gələ biləcək hər cür vəziyyətdə necə davranmalı olduğunu da açıqlamışdır. Bu mövzudakı bəzi ayələr belədir:
Allahın sizə verdiyi halal və pak ruzilərdən yeyin. Əgər Allaha ibadət edirsinizsə, Onun nemətinə şükür edin! Allah sizə ancaq ölü heyvanı, qanı, donuz ətini və Allahın adı çəkilmədən kəsilmiş heyvanı haram buyurmuşdur. Başqa bir şey tapa bilməyib zəruri ehtiyacını ödəyəcək qədər bunlardan yeməyə məcbur olan şəxsə (günah yazılmaz). Çünki Allah bağışlayandır, rəhm edəndir! (Nəhl surəsi, 114-115)
Bu ayənin ardından Allahın bağışlayan və əsirgəyən olduğunun xatırladılması da möminlərə rahatlıq verən və onları müjdələyən bir ayədir. Çünki insan zəif yaradılmışdır. İnsan səhv edə bilər, unuda bilər, iradəsiz davrana bilər. Allah insanı, ancaq səmimi olaraq tövbə etdiyində bağışlayıb, əsirgəyər.
5 vaxt namaz qılmaq müsəlmanın bütün həyatı boyunca, Allahın təyin etdiyi vaxtlarda əskiltmədən edəcəyi vacib olan bir ibadətdir. İbadətlərini yerinə yetirməyən insanlar, namaz qılmağı da ümumiyyətlə yaşlılıq dövrlərinə buraxarlar. Halbuki namaz, bütün digər ibadətlər kimi son dərəcə asan yerinə yetirilə biləcək bir ibadətdir.
Bunu ifadə etmək lazımdır ki, Allah bir insan üçün nəyi vacib etmişsə, o insan qulluq vəzifəsi olaraq onu etməklə məsuldur. Bunun qarşılığında isə, Allahın razılığını, rəhmətini və cənnətini qazanmağı ümid edə bilər. Allahın insanlara vacib etdiyi ibadətlərdə asanlıq verməsi isə, Allahın mərhəmətinin və şəfqətinin bir göstəricisidir. Allahın əmrlərinə uymayanların isə axirətdə, güclərinin çatmadığına və ya çətin gəldiyi üçün edə bilmədiklərinə dair heç bir bəhanələri olmayacaq. (Allahın Quranda bildirdiyi və bir məsuliyyət yükləmədiyini ifadə etdiyi insanlar xaric olmaq üzrə) Məsələn, dəstəmaz almaq son dərəcə asandır. Hətta, bir insanın dəstəmaz alması üçün su tapa bilmədiyi halda, Allah “təyəmmüm etmə”yi asan yol olaraq göstərmişdir ki, təyəmmüm hər şərtdə asanlıqla yerinə yetirilə bilər. Allah su tapa bilməyənlərin necə təyəmmüm edəcəklərini bir ayəsində belə bildirir:
“... Əgər cünub olmusunuzsa, təmizlənin. Xəstələndiyiniz, səfərdə olduğunuz, ayaq yolundan gəldiyiniz və ya qadınlarla yaxınlıq etdiyiniz zaman su tapmasanız, pak torpaqla təyəmmüm edin, ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak, təmiz etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə, şükür edəsiniz!.” (Maidə surəsi, 6)
Allahın ayəsində də bildirdiyi kimi, Allah insanlara çətinlik çıxarmaq istəməz. Quranda bildirilən hər mövzuda Allah insanlar üçün asanlıqlar vermişdir. Allahın insanlar üçün əmr etdiyi ibadətlər iman edənlər üçün son dərəcə asandır. Allah, sonsuz rəhməti və mərhəməti ilə insanlar üçün ən asan və ən gözəl olan ibadətləri və həyat şəklini bildirmiş və bunlara uyanları isə, razılığı, rəhməti və cənnəti ilə müjdələmişdir.
Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər. (Nisa surəsi, 101)
Bu ayədən də aydın olduğu kimi, Allahın hər hökmü və hər əmri möminlərin hər biri üçün ayrı-ayrı hikmət və xeyirlərlə doludur. Allah qulları üçün çətinlik istəməz. Allah, möminlərin həqiqi dostu və tək vəkilidir.
Allah müsəlmanlara Ramazan ayında oruc tutmalarını əmr etmişdir. Ancaq Allah ayələriylə istisna vəziyyətləri yəni xəstəlik, səfər halı vəziyyətlərini də açıqlayaraq insanlar üçün çətinlik diləmədiyini, asanlıq dilədiyini bir daha bildirmişdir:
İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, asanlıq istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona təzim və şükür edəsiniz. (Bəqərə surəsi, 185)
Allahın hökmləriylə əlaqədar ayələrində, insanlar üçün asanlıq dilədiyini bildirməsi, dinin asanlığını düşünərək başa düşülməli olduğunu da göstərir. Çətinlik yaşayacaqlarını zənn edərək, ibadətlərini yerinə yetirməkdən çəkinənlər böyük bir yanılma içindədirlər və dini səhv tanıyırlar.
Allah, şikəst olan insanların ibadət məsuliyyətlərini qaldırarkən rəhmətinin və sonsuz şəfqətinin dəlilini insanlara göstərir. Allah bunu bir ayəsində belə bildirir:
Kora günah gəlməz, topala-şilə günah gəlməz, bir də xəstəyə günah gəlməz. Kim Allaha və Peyğəmbərinə itaət etsə, (Allah) onu altından çaylar axan cənnətlərə daxil edər. Kim üz döndərsə, onu şiddətli bir əzaba düçar edər! (Fəth surəsi, 17)
Bir ayədə Allahın insanlara çətinlik çıxarmadığı və bunun, Onun şəfqətinin və mərhəmətinin bir göstəricisi olduğu belə ifadə edilir:
… Əgər Allah diləsəydi sizə çətinlik çıxarardı. Şübhəsiz Allah güclü və üstün olandır, hökm və hikmət sahibidir. (Bəqərə surəsi, 220)
And içmək, ümumiyyətlə insanlar arasında ağız vərdişi olaraq edilən məşhur bir davranışdır. Xüsusilə, birinə söz verərkən insan vərdişlə and içə bilər. Andlara sədaqət, verilən sözdə dayanmaq isə, Allahın Quranda əmr etdiyi bir mömin xüsusiyyətidir. Ancaq insan, unutqan bir varlıqdır, bəzi vəziyyətlərdə dalğınlıqla edəcəyi işi və ya verdiyi sözü unuda bilər. Bu, çox təbii, insani zəifliklərdən meydana gələn bir səhvdir. Bu vəziyyətdə Allah, təsadüfi, ağız vərdişi ilə, diqqət vermədən edilən andlardan insanları məsul tutmayaraq, möminlərin üzərindən bu məsuliyyəti götürmüşdür. Edilən andlara sədaqət, axirətdə soruşulacaq, ancaq Allahın Quranda istisna etdikləri, təsadüfi və məqsədsiz olaraq deyilən andlardır. Allah bunu bir ayəsində belə bildirir:
Allah, bilmədən (səhvən) içdiyiniz andlara görə sizi cəzalandırmaz, lakin qəlblərinizin kəsb etdiyi şeylərə görə sizi cəzalandıracaqdır. Allah bağışlayandır, həlimdir! (Bəqərə surəsi, 225)
Allahın and mövzusunda etdiyi bir başqa asanlıq daha vardır. Bir məqsəd üzərinə, şüurlu olaraq Allah adına and içən, sonra da bu andını pozmaq istəyənlər üçün, Allah bir asanlıq yolu göstərmişdir. Bu da andların kəffarə verməklə həll edilməsidir:
Allah, andlarınızın (kəffarə verməklə) həll edilməsini sizə vacib etdi… (Təhrim surəsi, 2)
… ancaq içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andın pozmağın kəffarəsi ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun. Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz! (Maidə surəsi, 89)
Ayələrdən aydın olduğu kimi, Allah hər iki vəziyyətdə də, insanların dinə uyğun hərəkət etmələri üçün asanlıq göstərir. Gözəl və doğru olan, əlbəttə, andların qorunmasıdır. Ancaq bir insan verdiyi sözü unuda bilər və ya söz verdiyi dövrdəki şərtlər dəyişə bilər və o adam sözünü tuta bilməyəcək bir vəziyyətə düşə bilər. Allah, insanlar üçün asanlıq diləyərək, andlara kəffarə olacaq vəziyyətləri bildirmiş və hər insan üçün bir yol göstərmişdir. Ayrıca andı pozma mövzusunda kəffarə kimi bir şərtin əmr edilməsi, insanın vicdanının səsini dinləməsi üçün də bir asanlıqdır. Andını pozan adam, kəffarə ödəmək vəziyyətində olacağı üçün, andını həqiqətən pozması lazımdırmı, yoxsa sözünü yerinə yetirə bilərmi deyə bir dəfə daha düşünəcək və bunun nəticəsində ən vicdanlı və ən doğru qərarı verəcəkdir.
Allah dinini son dərəcə asan etmişdir. İslam dini, hər zaman üçün və hər mövzuda asanlıq dinidir. İnsan səmimi dindar olmağa, Rəbbimizin nemətləri qarşısında şükür edici bir qul olmağa niyyət etdiyində, din əxlaqı mövzusunda heç bir çətinliklə qarşılaşmayacaqdır.