Sizi kim yaratdı? Sizə bədəninizi, gözlərinizin, saçlarınızın rəngini kim verdi? Boyunuzun uzunluğunu, saçlarınızın rəngini kim təyin etdi? Sizinlə birlikdə digər insanları, göyləri, yeri və bu ikisinin arasında yaşayan bütün canlıları kim yaratdı? Kosmosun dərinliklərindəki planetlərin, Günəşin və ulduzların nizamını kim təyin etdi?
Siz bütün bu suallara sadəcə bir cavab verirsiniz: "Allah". Sizin kimi digər insanlar da bu suallara: "Allah" deyə cavab verirlər. Necə ki, Allah Quranda insanların öz ağızları ilə bu həqiqəti təsdiq edəcəklərini belə bildirmişdir:
Həqiqətən, əgər: "Göyləri və yeri kim yaratmış, günəşi və ayı kim ram etmişdir?" deyə soruşsan, onlar mütləq: "Allah" deyə cavab verəcəklər. Elə isə onlar niyə döndərilirlər? (Ənkəbut Surəsi, 61)
Yaxşı, sizi və kainatı ən incə detalına qədər planlayan Yaradıcımızı nə qədər tanıyırsınız? Sizi hər an gördüyünü, eşitdiyini, etdiyiniz hər şeydən hər an xəbərdar olduğunu bilirsinizmi? Sizə görə Allah haradadır? Sizi yaratdıqdan sonra öz başınıza buraxır? Yoxsa necə yaşamalı olduğunuzu bildirir? Allah`ı görə bilərsinizmi? Onunla danışa bilən bir insan varmı? İnsanlardan başqa hansı varlıqları yaratdı? O, ölümdən sonra necə həyat vəd edir?
Şübhəsiz, bunlar kimi daha bir çox sual verilə bilər və siz də bu sualların hamısını cavablayarsınız. Bu cavablar ya ailənizdən, qohumlarınızdan və ətrafınızdan, ya da oxuduğunuz kitablardan öyrəndikləriniz olacaq. Yaxud da illər əvvəl din dərsində oxuduqlarınızdan ağlınızda qalanlar... Yaxşı, verdiyiniz cavabların, həqiqətən, doğru olub-olmadığını heç düşünmüsünüzmü?
Şübhəsiz, hər kəs Allah haqqında çox fərqli fikirlər söyləyə bilər. Fəlsəfəçi Allah`ı izah edərkən əvvəlcə aldığı təhsili ön plana çıxarır, təsirləndiyi filosofların fikirlərindən istifadə edərək Allah`ı tanıdır. Allah haqqında heç bir məlumatı olmayan evdar qadın qonşusundan eşitdiyi məlumatlara inanır. Allah`la əlaqədar kitab yazan yazıçı isə bəlkə də heç din təhsili almayıb, hətta Allah`ın endirdiyi ayələrdən birini belə bilmir. Lakin bu yazıçının kitabını oxuyan hər kəs sanki onun fikirləri tamamilə doğru imiş kimi qəbul edir, bütün yazılanları tətbiq edir və ətrafındakı hər kəsə özündən çox əmin olaraq oxuduqlarını izah edir. İnsanların çoxu o günə qədər ətrafından eşitdiklərinin və öyrəndiklərinin səhv və ya əskik ola biləcəyinə ehtimal vermir.
Lakin unudulmamalıdır ki, insan səhv edə, cahillik edə bilər. Bu halda, bizə Allah`ı ən doğru tanıdacaq qaynaq yalnız Onun bizlərə endirdiyi haqq kitab Quran və Peyğəmbərimizin ( s.ə.v) ’hədisləridir. Bir hədisində Peyğəmbərimiz (s.ə.v) belə buyurmuşdur:
Şübhə yoxdur ki, ən gözəl söz Allah’ın kitabıdır. Ən gözəl yol da Muhəmmədin (ə.s) yoludur. İşlərin ən pisi də dinə zidd olaraq sonradan əlavələr etməkdir. (3. Buhârî, I'tisam 2, Edeb, 70)
Allah Quranda insanların öyrənməli olduqları şeyləri açıqlamışdır. Yuxarıdakı sualların Qurandakı cavablarına baxsaq, əvvəlcə, Allah`ın yalnızca göylərdə deyil, hər yerdə olduğunu görərik. Allah bütün insanlara olduğu kimi, sizə də şah damarınızdan daha yaxındır. Sizin hər etdiyinizə şahiddir, hər şeyi görür. Söylədiyiniz bütün sözləri eşidir. İçinizdən etdiyiniz bütün duaları bilir. Hər an sizin yanınızdadır. Üstəlik, Allah dilədiyi qulu ilə danışır. Məsələn: Quranda, ’hz. Musa ilə danışaraq onu digər insanlardan üstün etdiyi bildirilmişdir. Allah insanlarla bərabər mələkləri və cinləri də yaratmışdır. Həmçinin Allah dünya həyatından sonra sonsuza qədər davam edəcək cənnət və cəhənnəm həyatı da yaratmışdır. İnsanlara ölümlərindən sonra cənnətə gedə bilmələri üçün necə yaşamalı olduqlarını da Quranla bildirmişdir. Bütün bunlar yuxarıda soruşduğumuz sualların qısa cavabıdır və bu cavabların hamısı Quranda var.
Hazırda, əlinizdə tutduğunuz bu kitab da sizə şah damarınızdan daha yaxın olan Allah`ı Quranda bildirdiyi şəkildə tanıtmaq üçün yazılmışdır. Bu kitabın məqsədi ağlınızdakı yanlış məlumatların yerinə Qurani-kərimdəki həqiqi Allah inancını yerləşdirmək, beləliklə, uca Allah`ı daha yaxşı tanımanızı, Ona daha yaxın olmanızı təmin etməkdir. Allah 1400 il əvvəl endirdiyi Quran ayələri ilə insanlara Özünü tanıtmış, Özünə aid adları bildirmişdir. Quranda verilən müxtəlif nümunələr və izahlar Onun sonsuz ağlını, elmini, sənətini göz önünə gətirir. Allah Quran ilə Özünü qullarına tanıdır.
Bu kitabda yerləşən hər adın altında istifadə edilən ayələr açıqlanan adın keçdiyi ayələrdir. Bu ayələrin ərəbcəsinə baxsaq, Allah`ın bu adlarının ayələrin içində keçdiyini görərik. Bundan başqa, hər ismin altında, bəlkə də bu günə qədər üzərində düşünülməyən detalları xatırladacaq qısa açıqlamalar var. Əlbəttə, bu açıqlamalar göylərin və yerin Rəbbi olan Allah`ı tanıtmaq üçün kifayət deyil. Çünki bütün kainatı, bütün canlıları, insanları və maddəni yaradan və ən gözəl adların sahibi olan Allah`ın sadəcə bir adını açıqlamaq üçün belə cildlərlə kitab yazıla bilər. Lakin belə imkan olmadığı üçün bu kitabda qısa nümunələrdən, insanı düşünməyə sövq edəcək izahlardan istifadə edilərək oxucunun təfəkkürü açılmağa çalışılır.
Əlinizdəki kitabla əlaqədar gözdən qaçırılmamalı daha bir cəhət var: bu kitab sizə yalnız Quranda keçən məlumatları çatdırır. Çünki Allah`ın adları haqqında Onun Quranda bizə öyrətdiyindən başqa heç bir məlumatımız yoxdur. Bizə məlum olmayanlar isə Rəbbimizin qatında gizlidir:
Onlar: "Sən paksan, müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa biz heç bir şey bilmirik. Bilən Sən, hikmət sahibi Sənsən, - dedilər" (Bəqərə Surəsi, 32)
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini (Ona) tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür... (Bəqərə Surəsi, 165)