Allah'ın İsimləri: MÜĞNİ – ZAHİR

MÜĞNİ (İstədiyini zəngin edən)

Dövlətli edən də, kasıb edən də Odur. (Nəcm surəsi, 48)

Gerçək zənginlik yalnız Allah`a aiddir. O, dilədiyini Öz fəzlindən zəngin edir, dilədiyini də müəyyən bir müddətə qədər kasıblıqla sınayır. “Varis” sifətində də ifadə etdiyimiz kimi, hər şeyin varisi yalnız Allah`dır. İnsanların dünyada sahib olduqları zənginliklər, mal-mülk də yalnız Allah`a aiddir.

Hər insan ömrü boyu çalışıb qazandığı hər şeyi ölümlə birlikdə geridə buraxır. Ancaq bütün bunlara baxmayaraq, yaşadığı qısa həyatda mal-mülk sahibi olmaqla fəxr edən, zənginliyi ilə təkəbbürlənən və bunun nəticəsində Allah`ı unudan şəxslər üçün Quranda belə hökm verilir:

Yoxsa elə hesab edirlər ki, onlara var-dövlət və övlad verməklə onlara yaxşılıq etməyə tələsirik? Xeyr, onlar fərqinə varmırlar. (Muminun surəsi, 55-56)

Allah dilədiyi qullarını isə dünyada böyük bir mülklə mükafatlandırmışdır. Xüsusilə elçilərə verilən böyük mülkə Quranda bir çox ayə ilə diqqət çəkilmişdir. Allah`ın dünyada hz. İbrahimi, hz. Məhəmmədi, hz. Davudu və hz. Yusifi zənginliklə mükafatlandırıb. Hz. Süleyman isə Allah`dan dünyada heç kimə verilməyən böyük bir mülk istəmiş və buna sahib olmuşdur.

Ancaq unudulmamalıdır ki, Allah`ın elçiləri özlərinə verilən mülkü Rəbbimizi razı etmək, Onun məmnun olacağı xeyir işlər görmək üçün istifadə etmişlər. Sahib olduqları ilə öyünüb azan, mülkün gerçək sahibini unudan insanlardan fərqli olaraq əllərindəki hər şeyi Allah üçün xərcləmişlər. Çünki onlar bilərlər ki, mülkün hamısı Allah`a aiddir, Allah dilədiyinə mülk verir, dilədiyindən də mülkünü geri alır.

Göründüyü kimi, kainatdakı hər şeyin tək hakimi, mülkün yeganə sahibi olan Allah dünyada dilədiyi insanı zəngin edir. Gerçək zənginliyi isə axirətdə verəcək. Özünə iman edən, bütün həyatını saleh əməllər işləyərək, Onun razılığını qazanmağa çalışaraq keçirən möminləri axirətdə çox böyük bir zənginliklə nemətləndirəcək.

Allah`ı razı edərək cənnətə girməyə haqq qazanan insanın orada qarşılaşacağı zənginlik Quranda bir çox ayədə ətraflı təsvir edilmişdir. Ayələrdə bu ehtişam belə xəbər verilir:

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər və onlara səbir etdiklərinə görə cənnəti bəxş edər və (orada geyəcəkləri) ipəklə mükafatlandırar.
(Onlar) orada taxtlar üzərində dirsəklənəcək və orada nə günəş, nə də şaxta görəcəklər.
(Cənnət ağaclarının) kölgələri onlara yaxınlaşacaq, meyvələri də tam onların ixtiyarına veriləcək.
Onların ətrafına gümüşdən hazırlanmış qablar və büllur qədəhlər dolandırılacaq.
Gümüşdən olan elə büllur qədəhlər ki, onları içmək istədikləri həcmdə hazırlamışlar.
Orada onlara zəncəfil qatılmış (şərab) badəsi içirdiləcək.
(Bu elə) bir bulaqdandır ki, "Səlsəbil" adlanır. Onların ətrafında həmişə gənc olan cavanlar dolanacaqlar. Onları gördükdə səpələnmiş mirvari dənələri olduqlarını sanarsan. (Cənnətdə) hara baxsan, nemət və əzəmətli səltənət görərsən. Onlar əyinlərinə taftadan və atlazdan yaşıl paltarlar geyəcəklər. Onların (qoluna) gümüş bilərziklər bağlanacaq. Onların Rəbbi onlara tərtəmiz şərab içirdəcəkdir. (Onlara deyiləcəkdir): “Həqiqətən, bu, sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir. (İnsan surəsi, 11-22)
Ey iman gətirənlər! Müşriklər, doğrudan da, murdardırlar. Özlərinin bu ilindən sonra Məscidül-hərama yaxınlaşmasınlar. Əgər yoxsulluqdan qorxursunuzsa, (bilin ki) əgər Allah istəsə, öz nemətindən sizi mütləq dövlətli edəcəkdir. Allah biləndir, hikmət sahibidir! (Tövbə surəsi, 28)

Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və cariyələrinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər. Allah (lütfü ilə) genişdir, biləndir! (Nur surəsi, 32)

NASİR (Kömək edən)

Onlara kömək göstərdik və qalib gəldilər. (Saffat surəsi, 116)

İnananların tək köməkçisi və vəlisi Allah`dır. Möminlər hər çətinlikdə, hər şəraitdə Ondan kömək diləyir və Allah da onlara kömək edir. Peyğəmbərlər hökm vermək lazım olduğu zaman ədaləti təmin etmək və dünyada Allah`ın razılığını qazanmaq məqsədi ilə xərclənəcək mal-mülk üçün, xəstələndiklərində şəfa tapmaq üçün və həyatlarının hər anında istədikləri hər şey üçün yalnız Allah`a yönəlmişlər. Allah da onların bu səmimi istəklərinə qarşılıq vermiş və onlara hər mövzuda kömək etmişdir. Allah kitabında elçilərinə bu vədləri vermişdir:

Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu sözümüz əzəldən deyilmişdi: Həqiqətən, onlara kömək göstəriləcəkdir (Saffat surəsi, 171-172)

Beləcə, Biz hər peyğəmbər üçün günahkarlardan bir düşmən etdik. Doğru yolu göstərən rəhbər və yardımçı kimi Rəbbin sənə yetər. (Furqan surəsi, 31)

Allah möminlərin də tək köməkçisidir. Quranda Allah "... Möminlərə yardım etmək Bizə haqdır." (Rum surəsi, 47) ayəsi ilə bütün iman edən qullarına kömək edəcəyini xəbər vermişdir. Ancaq Allah`ın köməyini qazanmaq üçün ən əhəmiyyətli şərtlərdən bəziləri Onun dininə kömək etmək, hədlərini qorumaq və bunun uğrunda cəhd göstərməkdir.

Bu cür səmimi səyin qarşılığında möminlər daim Allah`ın köməyi ilə qarşılıq alırlar. Allah`ın vəd etdiyi kimi, zəfər yalnız Rəbbimizə inananların, Onun razılığı və məmnuniyyəti üçün səy göstərənlərindir. Bir ayədə belə buyurulur:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir. Onlar Mənə ibadət edir və heç nəyi Mənə şərik qoşmurlar. Bundan sonra küfr edənlər – məhz onlar fasiqlərdir. (Nur Surəsi, 55)

Dünyada möminləri tək və köməksiz buraxmayan Allah ölümlərindən sonra axirət həyatlarında da onların yeganə vəlisi və köməkçisi olacaq. Allah möminlərə dünyada və axirətdə kömək edəcəyini vəd etmişdir və şübhəsiz, Allah vədinə xilaf çıxmayandır:

Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik. (Mömin surəsi, 51)

Sonra sizə onların üzərində yenidən qələbə qazandırdıq, var-dövlət və oğullarla sizə yardım etdik və sizin sayınızı çoxaltdıq. Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz, öz əleyhinizə etmiş olursunuz. Sonuncu vədin vaxtı gələndə, üzünüzü qara etsinlər, birinci dəfə məscidə girdikləri kimi ora girsinlər və ələ keçirdikləri hər şeyi darmadağın etsinlər deyə (düşmənlərinizi üstünüzə göndərdik).' (İsra surəsi, 6-7)

NUR (Aləmləri nurlandıran, istədiyi simalara, zehinlərə və könüllərə nur yağdıran)

Allah göylərin və yerin nurudur. Onun nuru, içində çıraq olan bir taxçaya bənzəyir; o çıraq şüşənin içindədir, şüşə isə sanki inci kimi bir ulduzdur. O, təkcə şərqə və ya təkcə qərbə aid edilməyən mübarək zeytun ağacından yandırılır. Onun yağı özünə od toxunmasa da, sanki işıq saçır. (Bu), nur üstündə nurdur. Allah dilədiyini Öz nuruna yönəldir. Allah insanlar üçün misallar çəkir. Allah hər şeyi Biləndir. (Bu nur) Allah`ın, tikilib ucaldılmasına və içində Öz adının zikr edilməsinə izn verdiyi evlərdədir. Orada səhər-axşam Ona təriflər deyirlər. (Nur surəsi, 35-36)

Allah Nur sifətinin sahibidir və yuxarıdakı ayədə də bildirildiyi kimi, göylərin və yerin nuru Odur. Ancaq Allah bu sifətini insanlar üzərində də təcəlli etdirir. Allah`a iman edən, Onun böyüklüyünü tanıyıb təqdir edən, haqq din olan İslama yönələn və İslam əxlaqı ilə yaşayan qullarına da Özündən nur bəxş edir:

Məgər Allah`ın, köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allah`ın zikrinə qarşı sərt olanların vay halına! Onlar, həqiqətən, azğınlıq içindədirlər. (Zumər surəsi, 22)

İnkarçıların vəziyyəti isə buna tam ziddir. Onlar üçün yer üzündə heç bir nur qaynağı yoxdur. Qaranlıqdan çıxmaq üçün bir yol tapmaları da mümkün deyil. Allah inkarçıların yaşadığı qaranlığı belə təsvir edir:

Yaxud (onların əməlləri) əngin dənizdəki qaranlığa bənzəyir. Onu bir dalğa, onun üstündən də bir dalğa örtər; onun da üstündə bir bulud vardır; bir-birinin üstündə olan qaranlıqlar! (İnsan) əlini çıxartsa, az qala onu görməz. Allah kimə nur verməsə, onun nuru olmaz. (Nur surəsi, 40)

Allah kafirləri qaranlıqların içində buraxdığı kimi, mömin qullarını da bütün işlərində qaranlıqdan işığa çıxarır. Bu iki qrupun vəziyyətlərinin bir-birindən çox fərqli olduğuna və möminlərin tam üstün olduqlarına dair Quranda belə bir nümunə verilmişdir:

Məgər ölü ikən diriltdiyimiz və özünə də insanlar arasında gəzmək üçün nur verdiyimiz şəxs qaranlıqlar içində qalıb oradan çıxa bilməyən kəs kimi ola bilərmi? Kafirlərə gördükləri işlər beləcə gözəlləşdirildi. (Ənam surəsi, 122)

Möminləri doğru yola – Öz nuruna - yönəltmək üçün Allah müxtəlif xəbərdarlıqlar edir. Həm elçiləri, həm də elçiləri ilə göndərdiyi haqq kitabları nur qaynağı edir. Onların gətirdiyi hökmlərə tabe olanlar isə doğru yola çatmış və Allah qatından nur qazanmışlar. Bu həqiqət ayələrdə belə xəbər verilir:

Ey Peyğəmbər! Həqiqətən, Biz səni şahid, müjdəçi və xəbərdar edən olaraq göndərdik. (Səni) həm də Allah`ın izni ilə Ona tərəf çağıran və nur saçan bir çıraq kimi (göndərdik). (Əhzab surəsi, 45-46)

Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə şəfqətlidir, rəhmlidir. (Hədid surəsi, 9)

Ey kitab əhli! Artıq sizə kitabdan gizlətdiyiniz şeylərin bir çoxunu bəyan edən və bir çoxunun da üstündən keçən Elçimiz gəlmişdir. Artıq sizə Allah`dan bir nur və açıq-aydın bir kitab gəldi. Allah Onun rizasını arayan şəxsləri əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir. (Maidə surəsi, 15-16)

Allah`ın saleh qulları sonsuza qədər xoşbəxt yaşayacaq, nurları ilə tanınacaqlar. İnkar edənlər isə axirətdə də sonsuz qaranlıqda qalacaq və möminlərin sahib olduğu nurdan istəyəcəklər. Axirətdə möminlərlə inkarçıların arasındakı bu ziddiyyətlər ayələrdə belə bildirilmişdir:

O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. (Onlara:) "Bu gün sizin müjdəniz altından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız! " Bu, böyük uğurdur. O gün münafiq kişilər və münafiq qadınlar iman gətirənlərə: "Bir az) gözləyin ki, biz də sizin işığınızdan alaq" deyəcəklər. (Onlara) deyiləcəkdir: "Geriyə qayıdıb işıq axtarın!" Onların arasına içəri tərəfində mərhəmət, çöl tərəfində əzab olan qapılı bir sədd çəkiləcəkdir. (Hədid surəsi, 12-13)

Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

Sizi zülmətlərdən nura çıxartmaq üçün sizə rəhm edən Odur. Onun mələkləri də (sizin üçün bağışlanma diləyərlər). (Allah) möminlərə qarşı rəhmlidir. (Əhzab surəsi, 43)

Yer öz Rəbbinin nuru ilə işıqlanacaq, kitab qoyulacaq, peyğəmbərlər və şahidlər gətiriləcəkdir. Onların arasında ədalətlə hökm veriləcək və onlara haqsızlıq edilməyəcəkdir. (Zumər surəsi, 69)

Allah`a və Onun elçilərinə iman gətirənlər – məhz onlar doğru olanlardır. Şəhidlər isə öz Rəbbi yanındadırlar. Onların öz mükafatları və öz nurları vardır. Kafir olub ayələrimizi yalan sayanlara gəlincə onlar cəhənnəm sakinləridir. (Hədid surəsi, 19)

Ey iman gətirənlər! Allah`dan qorxun və Onun elçisinə iman gətirin! Onda O, sizə Öz mərhəmətindən iki pay bəxş edər, sizə getməyiniz üçün nur verər və sizi bağışlayar. Allah bağışlayandır, rəhmlidir. (Hədid surəsi, 28)

Ey iman gətirənlər! Allah`a səmimi-qəlbdən tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızın üstünü örtsün və sizi altından çaylar axan cənnətlərə daxil etsin. O gün Allah Öz Peyğəmbərini və onunla birlikdə iman gətirənləri xəcil etməz. Onların nuru önlərindən və sağ tərəflərindən axıb şölə saçarkən onlar belə deyəcəklər: Ey Rəbbimiz! "Bizim nurumuzu tamam-kamal elə və bizi bağışla. Həqiqətən, Sən hər şeyə qadirsən!" (Təhrim surəsi, 8)

Muhəmməd Allah`ın elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allah`dan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu, onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu, cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. (Bu,) kafirləri qəzəbləndirmək üçündür. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. (Fəth surəsi, 29)

RƏBBİL-ALƏMİN (Aləmlərin Rəbbi)

Göylərin Rəbbi, yerin Rəbbi və aləmlərin Rəbbi olan Allah`a həmd olsun! Göylərdə və yerdə böyüklük yalnız Ona məxsusdur. O, qüdrətlidir, müdrikdir. (Casiyə surəsi, 36-37)

Kainatda bir-birindən fərqli bir çox aləm var. İnsanın bunların hamısının adını, sayını və xüsusiyyətlərini bilməsi qeyri-mümkündür. Çünki kainatda yaradılan saysız aləm öz içində də fərqli aləmlərə ayrılır. Yalnız bir balıq növünün özünə bənzər minlərlə növü, bir meyvənin özünə bənzəyən yüzlərlə növü var. Heyvanların, bitkilərin, əşyaların milyardlarla, küləklərin və buludların onlarla növü var. Allah bir-birinə heç bənzəməyən, fərqli irqlərə, bədənlərə, dillərə və mədəniyyətlərə sahib olan milyardlarla insan yaratmışdır.

Bunlarla yanaşı, Allah gözlə görülməyən atomların dünyasını, bədənimizin hər millimetrini əmələ gətirən mükəmməl sistemlərə sahib hüceyrələri və yenə insan gözü ilə görülməyən yüzlərlə canlını yaratmışdır. Dənizin minlərlə metr dərinliyində yaşayan, heç kimin görmədiyi mərcan koloniyasının da Rəbbi Allah`dır. Allah mikroorqanizmlərin əmələ gətirdiyi mikro aləmdən, kosmosdakı göy cisimlərinin əmələ gətirdiyi makro aləmə kimi saya bilməyəcəyimiz qədər geniş aləmə biz yatarkən, oyaq ikən, ya da bir işlə məşğul olarkən davamlı nəzarət edir, hamısını idarə edir, hamısını bəsləyir və həyatlarını davam etdirmələrinə izn verir. Allah bütün aləmlərin Rəbbi olduğunu insanlara belə bildirir:

Sizin üçün yeri məskən, göyü də tavan edən, sizə surət verib surətlərinizi gözəl şəklə salan, sizə pak nemətlərdən ruzi verən Allah`dır. Budur sizin Rəbbiniz olan Allah. Aləmlərin Rəbbi olan Allah nə qədər xeyirxahdır! O, yaşayandır, Ondan başqa məbud yoxdur. Dini yalnız Ona məxsus edərək dua edin. Aləmlərin Rəbbi olan Allah`a həmd olsun! (Mömin surəsi, 64-65)

İnsan yalnız bir okeanın içindəki həyatı, burada yaşayan canlıların qidalanmalarını, yaşadıqları ortaq həyatı və soylarının davamı üçün qorunan həssas tarazlığı düşündüyü zaman Allah`ın yaratmasındakı sonsuz qüdrəti təqdir edəcək.

Şübhəsiz, Allah yalnız kainatın içində olan saysız aləmin deyil, tam başqa zamanda və məkanda yaşayan cinlərin və mələklərin də Rəbbidir. Bu varlıqların da hamısını Allah yaratmış və hamısına boyun əydirmişdir. Allah`ın yaratdığı aləmlər insan ağlının və təxəyyülünün xaricindədir. Hamısı Onun qüsursuz yaratmasının, sənətinin və sonsuz gücünün əsərləridir.

Allah`ın bu ucalığı və böyüklüyü qarşısında insanın vəzifəsi hz. İbrahim kimi özünə: 'Təslim ol' buyurulduğu zaman Rəbbimizə Quranda xəbər verildiyi kimi: "... Aləmlərin Rəbbinə təslim oldum" (Bəqərə surəsi, 131) deyib yönəlməkdir. Bütün həyatını Quranda "De: "Şübhəsiz ki, mənim namazım da, ibadətim də, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah`a məxsusdur!" (Ənam surəsi, , 162) ayəsi ilə əmr edildiyi kimi, yalnız Allah`ın razılığını qazanmaq üçün yaşamaqdır. Ayələrdə belə buyurulur:

Zalım camaatın kökü kəsildi. Həmd olsun aləmlərin Rəbbi Allah`a. (Ənam surəsi, 45)

Doğrudan da Rəbbiniz göyləri və yeri altı gündə yaradan, sonra da ərşə ucalan Allah`dır. O, gündüzü sürətlə təqib edən gecə ilə örtüb bürüyür. Günəşi, ayı və ulduzları Öz əmrinə tabe edən də Odur. Əslində, yaratmaq da, əmr etmək də Ona məxsusdur. Aləmlərin Rəbbi Allah nə qədər xeyirxahdır. (Əraf surəsi, 54)

RAFİ (Yüksəldən)

Kitabda İdrisi də xatırla! Həqiqətən, o, düz danışan adam və bir peyğəmbər idi. Biz onu yüksək bir məqama ucaltdıq. (Məryəm surəsi, 56-57)

Cahiliyyə cəmiyyətində yaşayan insanlar Allah`ın əmr və qadağalarından uzaq, özlərinə verilən saysız neməti təqdir etmədən yaşayırlar. Düşünmədikləri, təqdir edə bilmədikləri üçün də cəhalət içindədirlər.

Allah tarix boyu bütün cəmiyyətlərə Öz əmrlərini, qadağalarını və tövsiyələrini çatdıran elçilər göndərmişdir. Bu yolla dindən uzaq yaşayan cəmiyyətləri içində olduqları cəhalətdən xilas olmağa dəvət etmiş, onlara doğru yola çatmaq üçün imkan vermişdir.

Allah`ın göndərdiyi elçilər eyni qövmün içindən çıxan, lakin üstün əxlaq, ağıl və yüksək vicdanları ilə cəmiyyət içində diqqət çəkən insanlardır. Elçilər Allah`ın Quranda bildirdiyi kimi, yaşadıqları qövmə xüsusi olaraq göndərdiyi və seçdiyi insanlardır. Elçilər yaşadıqları cəmiyyətin insanlarından fərqlidirlər. Allah`ın varlığını və axirətin yaxınlığını dərk etmişlər. Əlbəttə, bu xüsusiyyətlər elçilərin üstün insanlar olduqlarının açıq-aşkar dəlillərindəndir.

Allah`ın varlığının və böyüklüyünün şüurunda olan elçilər özlərinə peyğəmbərlik mövqeyinin verilməsindən sonra yaşadıqları cəmiyyətləri Quran əxlaqını yaşamağa dəvət etmiş, onları axirət əzabına qarşı xəbərdar edib qorxutmuşlar. Yaşadıqları çətin şərtlər, göndərildikləri inkarçı və azğın qövmlər, özlərinə davamlı çətinlik yaradan, hətta bəzən canlarına qəsd edən cəmiyyətlər onları yollarından döndərməmiş, əksinə, imanlarını artırmışdır. Bəzən: İman etdik, təslim olduq, -dedikdən sonra çətin vəziyyətdə elçini tək qoyan və geri dönən toplumlarla da qarşılaşmış, ancaq bu çətinliklər elçiləri əsla qorxutmamışdır. Onlar Allah`ın seçdiyi üstün bir mövqeyə layiq görülmüş qullardır və ən nəzərə çarpan xüsusiyyətləri isə Allah`a olan səmimi təslimiyyətləri və təvəkkülləridir.

Bu səmimiyyətlərinin qarşılığını da dünyada və axirətdə seçilərək almışlar. Ayələrdə Allah belə xəbər verir:

Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin müdrikdir, biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusifi, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmayılı, Əlyəsəni, Yunisi və Lutu da. Hamısını aləmlərdən üstün etdik. (Ənam surəsi, 83-86)

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki tel qədər haqsızlıq edilməz. (Nisa surəsi, 49)

RƏHMAN-RƏHİM

Mərhəmətli, verdiyi nemətlərdən yaxşı istifadə edənləri daha böyük və əbədi nemətlər verməklə mükafatlandıran, əzəldə bütün yaradılmışlar haqqında xeyir və rəhmət buyuran, sevib-sevmədiyini ayırmadan saysız nemətlərə qovuşduran

O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı bilən Allah`dır. O, mərhəmətlidir, rəhmlidir. (Həşr surəsi, 22)

Rəhman olan Allah sonsuz mərhəmətini və lütfünü görünən-görünməyən hər şeydə təcəlli etdirir. İnsan bu görünən və görünməyən nemətlərin vasitəsi ilə həyatını davam etdirir.

Allah hər gün torpağın içindən milyonlarla toxumu cücərdən, bu bərəkətli torpaqla yerin altındakı 4.500 dərəcə istilikdəki nəhəng kütləni saxlayan, göydən tonlarla saf su endirən, eyni anda dünyanın hər yerində milyardlarla canlıya ruzi verən, nəfəs aldığımız oksigeni yaradan və həyat verən saysız nemətləri ilə yaratdıqlarını əhatə edəndir.

Allah 100 trilyon hüceyrədən ibarət olan insanın hər bir hüceyrəsini yaradan, bunların hamısına ayrı-ayrılıqda vəzifəsini öyrədən, içlərinə hər biri 1 milyon səhifəlik məlumatı ehtiva edən DNT-ləri yerləşdirən, bütün bunlarla insana can verən və varlığını hər an davam etdirəndir. Bütün insanlar ana rəhminə düşdüyü andan torpağa geri döndüyü ana qədər yalnız Allah`ın yaratdığı nemətləri tanıyır, bilir və onlarla yaşayırlar. İnsanlardan bu nemətləri görən və yaradılış məqsədini qavrayaraq Ona qulluq edənlər olduğu kimi, nankorluq edərək Allah`a qulluq etməkdən üz çevirənlər də var. Buna baxmayaraq, Allah insanların üzərində Rəhman adını ən gözəl şəkildə təcəlli etdirir. İman etməyənlər, münafiqlər və müşriklər də dünya həyatında nəfəs aldıqları hava, içdikləri su daxil olmaqla, gizli-açıq bütün nemətlərdən faydalanırlar. Allah möminlərə verdiyi kimi, onlara da mal-mülk, yaşayacaqları gözəl evlər və nəsillərini davam etdirəcəkləri övladlar verir. Onları da gözəl ruzilərlə bəsləyir. Onlara da sağlamlıq, güc və gözəllik verir. Çünki Allah Rəhmandır.

Allah dünya həyatında inkar edənləri bəlkə dinə dönərlər, düşünüb dərk edərlər və Özünə şükür edərlər deyə faydalandırır. Lakin üz çevirənlər Allah`ın nemətlərindən ancaq göz açıb-bağlayacaq vaxtı qədər olan dünya həyatları müddəti boyu faydalana bilərlər. Axirətdə isə bütün nemətlər sahib olduqlarını yalnız Allah`a yaxınlaşmaq, Onun razılığını axtarmaq üçün istifadə edən və Rəbbimizə hər an şükür edən möminlərə aiddir. Çünki Allah Rəhimdir və cənnəti yalnız mömin qullarına müjdələmişdir. Ayələrdə belə buyurulur:

(Bu cənnət) ər-Rəhmanın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir. (Məryəm surəsi, 61)

Mərhəmətli və Rəhmli Allah`ın adı ilə! (Fatihə surəsi, 2)

De: "İstər Allah deyib çağırın, istərsə də ər-Rəhman deyin. Necə çağırsanız da, hər halda, ən gözəl adlar Ona məxsusdur." Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut. (İsra surəsi, 110)

O gün insanlar heç bir yana meyil etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən. (Taha surəsi, 108)

(Peyğəmbər) dedi: "Ey Rəbbim! Ədalətlə hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq ər-Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır." (Ənbiya surəsi, 112)

Ruh və mələklər səf-səf duracağı gün, mərhəmətli (Allah`ın) izn verdiyi kimsələrdən və doğru deyənlərdən başqa heç kəs danışmayacaq. (Nəbə surəsi, 38)

Sən ancaq Qurana tabe olub, Rəhmandan (Onu) görmədən qorxan kimsəni qorxuda bilərsən. Beləsinə (axirətdə) bağışlanacağı və çox gözəl bir mükafata nail olacağı ilə müjdə ver! (Yasin surəsi, 11)

Onlar deyəcəklər: "Vay halımıza! Bizi yatdığımız yerdən kim qaldırdı? Bu, mərhəmətli (Allah`ın) vəd etdiyi (qiyamətdir). Elçilər doğru deyirlərmiş". Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər. Bu gün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir. Həqiqətən də cənnət əhli həmin gün nemətlər içində kef çəkəcək. Onlar zövcələri ilə birlikdə kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik, rəhmli Rəbb (onlara): "Salam" , - deyəcək. (Yasin surəsi, 52-58)

RAQİB (Bütün varlıqlara nəzarət edən, bütün işləri idarə edən)

Ey insanlar! Sizi tək bir candan xəlq edən, onun özündən zövcəsini yaradan və onlardan da bir çox kişi və qadın (törədib yer üzünə) yayan Rəbbinizdən qorxun! Adı ilə bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allah`dan və qohumluq əlaqələrini kəsməkdən çəkinin! Həqiqətən, Allah sizə nəzarət edir. (Nisa surəsi, 1)

Allah yoxdan yaratdığı bütün varlıqları qoruyan və onlara nəzarət edəndir. Kosmosun dərinliklərindəki ulduzlar və sistemlərdən, dünyanı əhatə edən atmosferdəki hadisələrə, insanların əmələ gətirdiyi cəmiyyətlərdən yer üzünü örtən bitki örtüyünə, insan bədənindəki kompleks sistemlərdən mikro və makro aləmlərə qədər və gözlə görə bilmədiyimiz hər şeyi müşahidə edən, şahid olan, nəzarət edən Allah`dır.

İnsan başıboş buraxıldığını, məqsədsiz olaraq həyatını davam etdirə biləcəyini zənn edə bilər. Amma hansı iş üzərində olursa olsun, Allah onun üzərində şahiddir. Heç kim Allah`dan bir şey gizlədə bilməz. Gizli razılaşma, plan, sirr, tələ… Bunlar Allah qatında əsla gizlədilməsi mümkün olmayan hadisələrdir. Hər şeyi görən, eşidən və bilən Allah`ın zatından heç nə gizli qalmadığı üçün hər kəsin etdiyinə ədalətlə qarşılıq verilir. İnsanların çoxunda "Allah kainatı yaradıb, sonra hər şeyi öz halına buraxıb" kimi səhv düşüncə var. Halbuki, bu, çox böyük yanılma və zəndir.

İnsanın adi gözlə heç bir zaman görə bilməyəcəyi hüceyrənin içindəki detalları Allah ən incə detalına qədər biləndir. Bədəndəki bir hüceyrə digər trilyonlarla hüceyrə ilə birlikdə çox nizamlı şəkildə hərəkət edərkən bəzən fərqli davranır və bu gün tam olaraq qaynağı və müalicəsi tapılmayan xərçəng ortaya çıxır. İnsan öz içində yaranan bu hadisədən xəbərsiz ikən Allah bütün bunların üzərində şahiddir və hər mərhələni öz idarəsi altında saxlayır. Necə ki, insan Allah`ın izni olmadan bir addım belə ata bilmirsə, o hüceyrə də Allah`dan xəbərsiz kiçik bir hərəkət belə edə bilməz.

Allah hər şeyi yaradandır, biləndir. O, bütün məlumatların tək qaynağıdır. Heç bir varlıq Onun elmi xaricində bir şey edə bilməz. Bir ayədə belə buyurulur:

... Allah hər şeyə nəzarət edəndir. (Əhzab surəsi, 52)

Halbuki, o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir. (Səba surəsi, 21)

Onlara dünya həyatında əzab vardır. Axirət əzabı isə daha məşəqqətlidir. Onları Allah`dan qoruyan olmaz. (Rəd surəsi, 34)

Onları ürəklərin xirtdəyə çatacağı, qəm-qüssə içində olacaqları yaxınlaşan günlə qorxut. (O gün) zalımların nə bir yaxın dostu, nə də sözü keçən bir şəfaətçisi olar. (Mömin (Ğafir) surəsi, 18)

RAUF Çox (əsirgəyən, çox şəfqətli)

Beləliklə, Biz sizi orta bir ümmət etdik ki, siz insanlara şahid olasınız, peyğəmbər də sizə şahid olsun. Biz əvvəl üz tutduğun qibləni ancaq ona görə təyin etdik ki, peyğəmbərin ardınca gedənləri üz döndərənlərdən fərqləndirək. Bu, Allah`ın doğru yola yönəltdiyi şəxslərdən başqa (hamısına) ağır gəldi. Allah sizin imanınızı puç etməz. Həqiqətən də Allah insanlara qarşı şəfqətlidir, rəhmlidir. (Bəqərə surəsi, 143)

Allah`ın yaratdığı bütün canlılar qüsursuz, üstün yaradılış və kompleks quruluş sayəsində həyatlarını davam etdirirlər. Bu, Rəbbimizin mərhəmətinin və rəhmətinin dəlillərindəndir. Çünki heç bir canlı özü üçün ən uyğun, ən əlverişli şəkildə yaşamaq üçün güc sərf etməmiş, yalnız Allah`ın üstün ağlına təslim olmuşdur. Allah ehtiyacları olan hər şeyi onsuz da onlara vermişdir. Məsələn, bütün canlıların özlərini müdafiə etmək üçün fərqli qabiliyyətləri var. Bəzisi həddən artıq qorxuducu görünüşə malikdir, bəzisi zəhərli, pis qoxulu və ya yandırıcı qazlar püskürdür. Bəziləri cəlddir, düşmənlərindən sürətlə qaçır, bəziləri isə fərqli bir müdafiə şəkli olaraq möhkəm zirehlərlə örtülüdür. Bir qismi bədənlərini düşmənlərindən qoruyan görünüşə, digər bir hissəsi də özünü ölülüyə vuraraq düşməni aldatmaq qabiliyyətinə malikdir.

Şübhəsiz, canlılar bütün bu xüsusiyyətlərə təsadüfən və ya öz istəkləri ilə nail olmamışlar. Allah bu canlıların üzərindəki şəfqətini onları bu cür qüsursuz və böyük bir elmlə yaratması ilə göstərir.

Bütün bu canlıların sahib olduqları xüsusiyyətlərlə yanaşı, insanların xidmətinə verilən imkanlar isə daha üstündür. Belə ki, insan maddi və mənəvi sahib olduğu bütün xüsusiyyətləri düşündüyü zaman həyatını davam etdirə bilməsi üçün xüsusi olaraq yaradılmış bir dünyada yaşadığını çox açıq şəkildə görə bilər. Varlığını davam etdirmək üçün ehtiyac duyduğu hər şeylə təmin edilməsi də Allah`ın rəhmətinin çox böyük dəlillərindəndir. Lakin bütün bunlardan daha əhəmiyyətli bir mövqe var: insanın görməsi, eşitməsi, danışması... Bütün bunlar üçün göz, qulaq və dili yaradan Allah, eyni zamanda, verdiyi düşünmə qabiliyyəti ilə də insanı yer üzündəki bütün canlılardan üstün etmişdir. Allah`ın Rauf sifəti Quranda belə bildirilir:

O gün ki, hər kəs etdiyi yaxşı və pis əməlləri hazır görəcək, özü ilə (pis əməllərinin) arasında çox böyük məsafə olmasını arzulayacaqdır. Allah sizi Özündən çəkindirir. Allah qullarına şəfqətlidir. (Ali-İmran surəsi, 30)

Məgər Allah`ın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə O tutub saxlayar. Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir. (Həcc surəsi, 65)

Sizi zülmətlərdən nura çıxartmaq üçün Öz quluna açıq-aydın ayələri nazil edən Odur. Həqiqətən, Allah sizə şəfqətlidir, rəhmlidir. (Hədid surəsi, 9)

O gün dostun dosta heç bir faydası olmaz, onlara kömək də edilməz! Allahın rəhm etdiyi kimsədən başqa! Şübhəsiz ki, O, yenilməz qüvvət, mərhəmət sahibidir! (Duxan surəsi, 41-42)

RƏZZAQ (Ruzi verən, insanların faydalanması üçün nemətlərini verən)

Həqiqətən, Allah ruzi verəndir, qüvvət sahibidir, Mətindir. (Zariyat surəsi, 58)

Nə dağ, nə də dənizi olan çox fərqli bir dünyada gözlərinizi açdığınızı düşünün. Üzərində yeridiyiniz torpaq qara və qupqurudur. Üzərində heç bir bitki yetişmir, heyvan yaşamır. Yalnız insanların yeyə bilməsi üçün acı ot bitir. İnsanların bəslənməsi üçün bu otdan başqa heç nə yoxdur. Torpağı qazsanız da, əksəniz də, heç məhsul vermir. Yaşadığınız yerdə su da yoxdur. Su içmək üçün kilometrlərlə irəlidə olan bir bulağa getməli və oradan su daşımalısınız. Siz bu dünyada doğulduğunuz zaman həyatınızı davam etdirmək üçün ömrü boyu o acı otdan yeyər, su içmək üçün də hər gün kilometrlərlə yol gedərdiniz. Bu çətinliklərin hamısına da ölənə qədər dözərdiniz. Bir gün belə: "Niyə bu torpaqdan sulu və gözəl qoxulu meyvələr, bir-birindən ləzzətli və növ-növ tərəvəzlər çıxmır?" deməzdiniz. Çünki ömür boyu qarşılaşmadığınız üçün torpağın belə məhsullar verə biləcəyini bilməzdiniz.

Quluna qarşı çox şəfqətli və mərhəmətli olan Allah insanları içində sayılması mümkün olmayacaq qədər çox nemətlə dolu olan torpaqlarda yaşadır. Belə ki, insan torpağı əkib-becərmədən belə torpaq yamyaşıl məhsullar və sünbüllər yetişdirir. İçindən sarı, qırmızı, yaşıl, narıncı meyvə və tərəvəzlər çıxır. Gömgöy dənizlərdə isə minlərlə növ və ləzzətdə balıqlar var. Bütün bunların yanında Allah insanlara həm yerdəki heyvanların ətini, həm də göydəki quşların ətini yedirir, heyvanların qarnından tərtəmiz süd çıxarır, arılara bal hazırladır... Bütün bunları insanlara Allah bağışlayır.

"Ya da O, Öz ruzisini kəssə, sizə kim ruzi verə bilər?" (Mülk surəsi, 21) ayəsində bildirildiyi kimi, Allah diləyərsə, torpaq məhsul verməz, yağış yağmaz, hər yer qupquru və quraqlıq olar. Lakin Allah Rəhman və Rəhimdir, insanlara qatından bağışladığı ruziləri sözlə ifadə etmək mümkün deyil. Qullarına saysız nemət bəxş edən Allah Quranda belə bildirir:

Ey insanlar! Allah`ın sizə verdiyi lütfünü bir xatırlayın. Allah`dan başqa sizə göylərdən və yerdən ruzi verən bir xaliq varmı? Ondan başqa heç bir məbud yoxdur. Necə də döndərilirsiniz! (Fatir surəsi, 3)

Allah yuxarıda sayılan bütün nemətləri insanlara dünya həyatında bağışlayır. Cənnətdə isə möminlər üçün daha gözəli var. Belə ki, Quranda "AEtdikləri əməllərin mükafatı kimi onlar üçün gözlərinə sevinc gətirəcək nələr saxlandığını heç kəs bilmir" (Səcdə surəsi, 17) şəklində buyurularaq cənnətdəki nemətlərin üstünlüyünə diqqət çəkilmişdir.

Cəhənnəmə girənlər isə boğazları parçalayan darı tikanı, zəqqum ağacı və qaynar su ilə qarşılaşacaqlar. Sonsuza qədər də bunlardan başqa heç nə tapa bilməyəcəklər. Həqiqətən, zəqqum ağacı günahkar adamın yeməyidir. Əridilmiş yağın çöküntüsü kimi qarınlarda qaynayar – qaynar su qaynayan kimi. Onu tutub cəhənnəmin ortasına sürüyün! Sonra əzab vermək üçün başına qaynar su tökün! (Duxan surəsi, 43-49) Ayələrdə belə xəbər verilir:

De: "Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir? Onlar deyəcəklər: "Allah" De: "Bəs qorxmursunuz?" (Yunis surəsi, 31)

(Bu ona görədir) ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah dilədiyinə hesabsız ruzi verir. (Nur surəsi, 38)

SƏMƏD (Heç kəsə möhtac olmayan)

Allah, Səməddir (hər şey Ona möhtacdır; daimdir, heç bir şeyə ehtiyacı olmayandır). (İxlas surəsi, 2)

Bütün kainatda gerçək güc sahibi olan yalnız Allah`dır. İnsanın qarşılaşdığı hər cür çətinliyi, ehtiyacı qarşılamağa qadir olan da ancaq Odur.

İnsanlar bəzən özlərini yaradan Rəbbimizi unudub Ondan başqa vəlilər seçir, gücü, qüdrəti və köməyi onların yanında tapmağa çalışırlar. Halbuki, bu insanlar aldanırlar, çünki yuxarıda da ifadə etdiyimiz kimi, Allah`dan başqa güc sahibi yoxdur. Allah diləmədikcə heç kimin bir başqasına faydası və ya zərəri toxuna bilməz. Quranda bu həqiqətə belə diqqət çəkilmişdir:

Möminləri qoyub kafirləri dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki, qüvvət və əzəmət tamamilə Allah`a məxsusdur. " (Nisa surəsi, 139)

İnsan üçün hər cür çətinlikdən xilas olmağın yeganə yolu bütün güc və qüvvətin sahibi olan Allah`a sığınmaqdır. Çünki Rəbbimiz çətinlik və ehtiyac içində olub Özünə yönələn səmimi qullarından razı olur və onların üzərindəki çətinlikləri, sıxıntıları qaldırır. “Nəml” surəsində Allah`ın saleh qullarına köməyi belə xəbər verilmişdir:

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allah`la yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz? (Nəml surəsi, 62)

Yuxarıdakı ayədə insanların Allah`ın köməyinə qarşılıq nankorluq etdikləri, üzərilərində Allah`ın şəfqət və mərhəmətini görə bilmədikləri və ya unutduqları da bildirilmişdir. Halbuki, Allah "De ki: "Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir..." (Ənam surəsi, 64) ayəsi ilə xəbər verdiyi kimi, hər cür çətinlikdən insanı qurtaran tək məbuddur. Bunun qarşılığında insanın vəzifəsi isə bu razılığı görmək, gördüyünün əhəmiyyətini düşünmək və bu düşüncələrin sonunda Allah`a təslim olaraq şükür edən qul olmaqdır.

Bilin ki, Allah`ın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. Bunlar Allah`ın lütfü və neməti sayəsindədir. Allah biləndir, müdrikdir. (Hucurat surəsi, 7-8)
Sonra onlar Allah`a – özlərinin həqiqi himayədarına qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir.
De: "Acizanə və gizlicə: Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq, – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?"
De: "Ondan və bütün sıxıntılardan sizi Allah xilas edir. Sonra siz şərik qoşursunuz." (Ənam surəsi, 62-64)

SADİQ (Vədinə sadiq, doğru sözlü)

(Budur) Allah`ın vədi. Allah Öz vədinə xilaf çıxmaz. Amma insanların əksəriyyəti bilmir. (Rum surəsi, 6)

Allah insanları yaratmış, onlara yaxşılığı əmr edib pislikdən çəkindirən elçilər və bu elçilərlə birlikdə doğru yolu göstərən kitablar göndərmişdir. Bu kitablardan Quran Allah`ın insanları qaranlıqdan işıqlığa, doğru yola çıxarmaq üçün göndərdiyi son haqq kitabıdır. Quranda Allah özünə inananlara da, inanmayanlara da bəzi vədlər vermişdir. Bu vəd inkarçılar üçün dünyada çətin dolanışıq, axirətdə isə sonsuza qədər əzab çəkəcəkləri cəhənnəmdir. Ancaq bu dəqiq həqiqətə ehtimal verməyən inkarçılar Allah`ın vəd etdiyi əzabla qarşılaşmayacaqlarını zənn edirlər. Böyük yanlışlıq içində olan bu insanlara Allah belə buyurur:

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz... (Həcc surəsi, 47)

İnananlara vəd edilən isə dünyada da, axirətdə də məmnun qalacaqları həyatdır və onlar Allah`ın bu vədini yerinə yetirəcəyinə tam iman edirlər. Allah dünyada saleh qullarına olan vədini Quranda belə bildirmişdir:

Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə vəd etmişdir ki, özlərindən əvvəlkiləri varislər etdiyi kimi, onları da yer üzünün varisləri edəcək, möminlər üçün onların Özünün bəyəndiyi dinini möhkəmləndirəcək və onların qorxusunu sonra arxayınçılıqla əvəz edəcəkdir... (Nur surəsi, 55)

Möminlərə axirət üçün vəd edilən isə sonsuza qədər məmnun yaşayacaqları həyatdır. Bu həyat Allah`ın açıq vədidir və şübhəsiz, Allah vədindən dönməz. Ayələrdə belə buyurulur:

İman gətirib saleh əməllər edənləri isə altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağlarına daxil edəcəyik. (Bu,) Allah`ın gerçək vədi sayəsində olacaqdır. Sözündə Allah`dan daha doğruçu kim ola bilər? " (Nisa surəsi, 122)

Rəbbinin kəlamı həm doğruluq, həm də ədalət baxımından tamamlanmışdır. Heç kəs Onun kəlmələrini dəyişə bilməz. O, eşidəndir, görəndir. (Ənam surəsi, 115)

De: "Allah doğru söylədi. Odur ki, İbrahimin hənif dininin ardınca gedin. O, müşriklərdən deyildi." (Ali-İmran surəsi, 95)

"Ey Rəbbimiz! Öz elçilərinin vasitəsi ilə bizə vəd etdiklərini ver və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədindən dönməzsən! " (Ali-İmran surəsi, 194)

Göy yarılacağı zaman; dağlar dağılacağı zaman; elçilərə vaxt təyin olunacağı zaman (deyiləcəkdir): Verilmiş möhlət hansı günə qədərdir? (Deyiləcəkdir): Ayırd etmə gününədək! Sən ayırd etmə gününün nə olduğunu bilirsənmi? (Qiyaməti) yalan sayanların o gün vay halına! (Mursəlat surəsi, 9-15)

SAİQ (Cəhənnəmə atan)

Günahkarları isə cəhənnəmə susamış olduqları halda qovub apararıq. (Məryəm surəsi, 86)

İnsan Allah`a qul olmaq üçün yaradılmış və bu qulluq vəzifəsini yerinə yetirib yetirməyəcəyinin sınanması üçün dünyaya göndərilmişdir. Dünyada ehtiyacı olan hər şeyi Allah yaratmış, özünə növbənöv nemətlər bəxş etmişdir. Amma insanların bir qismi Allah`ın verdiyi bütün nemətlərə baxmayaraq, yaradılış məqsədini unutmuş və nankorluq etmiş, üsyan etmişlər.

Əlbəttə, insanların dünyada etdikləri üsyan qarşılıqsız qalmayacaq, çünki Allah sonsuz ədalət sahibidir. Allah Özünü inkar edən, təkəbbürlənən inkarçıların uğrayacaqları sonu aşağıdakı ayələri ilə bildirmişdir:

(Onların əməli) firon nəslinin və onlardan əvvəlkilərin əməlinə bənzəyir. Onlar Bizim ayələrimizi yalan hesab etdilər, Allah da onları günahlarına görə yaxaladı. Allah şiddətli cəza verəndir. Kafirlərə de: "Siz tezliklə məğlub olacaq və cəhənnəmə toplanılacaqsınız! " Ora nə pis yataqdır! (Ali-İmran surəsi, 11-12)

Ayələrdə bildirildiyi kimi, alçaldılaraq toplu şəkildə cəhənnəmə atılan inkarçıların oradakı peşmanlıqları da Quranda bildirilmişdir. Dünyada yaşadıqları həyat boyu özlərinə Allah`a qulluq etmək üçün saysız fürsət verilmiş, xatırlatmalar gəlmiş, amma onlar yenə də üz çevirib təkəbbürlənmişlər. Bunun nəticəsi olaraq bu şəxslərin hesab günündə vəziyyətlərinin necə olacağı ayələrdə belə xəbər verilir:

... Sən zalımları əzabı gördükləri zaman: "Qayıtmağa bir yol yoxdurmu?" deyən görəcəksən.
(Cəhənnəm) qarşısına gətirildikləri zaman sən onların zəlillikdən başlarını aşağı salıb gözucu gizlin-gizlin baxdıqlarını görəcəksən. Möminlər deyəcəklər: "Şübhəsiz ki, ziyana uğrayanlar Qiyamət günü özlərini və ailələrini itirənlərdir" Həqiqətən, zalımlar daimi əzab içində olacaqlar. (Şura surəsi, 44-45)

İnkar edənlərin axirətdə qarşılaşacaqları bu vəziyyət Allah`ın insanlar üzərindəki sonsuz ədalətinin bir təcəllisidir. Bir ayədə hər insanın yalnız layiq olduğu ilə qarşılıq görəcəyi belə bildirilmişdir:

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər (qulun gördüyü iş) yaxşı əməl olarsa, (Allah) bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)

Bu üstün ədalətinin bir gərəyi olaraq Allah iman edənlərə bənzəri olmayan nemətlərlə dolu sonsuz cənnətləri lütf edəcək. Quranda bütün həyatını Rəbbimizin rizasını qazanmaq üçün keçirən möminlərə bu müjdə belə bildirilir:

İman gətirib saleh əməllər edənlərə müjdə ver ki, onlardan ötrü altından çaylar axan cənnət bağları vardır. Hər dəfə onun meyvələrindən onlara ruzi verildikcə: "Bu ki, əvvəlcə bizə verilən ruzidir!" deyəcəklər. Halbuki, onlara oxşarı veriləcəkdir. Onlardan ötrü orada pak zövcələr var və onlar orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 25)

SANİ (Sənətçi, sonsuz gözəllikləri sənətinin içində yaradan)

Sən dağlara baxıb onları hərəkətsiz durmuş güman edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. (Bu,) hər şeyi kamil şəkildə edən Allah`ın işidir. Şübhəsiz ki, O, etdiklərinizdən xəbərdardır. (Nəml surəsi, 88)

Yer üzündə yaradılan canlı və cansız hər varlıqda üstün ağılın, sonsuz elmin bir çox dəlilinə rast gəlmək mümkündür. Şübhəsiz, bunlar Allah`ın Alim sifətinin təcəllilərindəndir. Ancaq bu varlıqlarda diqqət çəkən çox əhəmiyyətli bir xüsusiyyət daha var: çox incə sənət. Allah`ın Sani sifəti yaratdığı hər şeyə son dərəcə estetik bir görünüş, qüsursuzluq, incə və bənzərsiz bir sənət, uyğunlaşma və dizayn olaraq əks olunur. o

Məsələn, insan bədənini araşdırsaq, qüsursuz və əskiksiz şəkildə dizayn edildiyini görərik. Bütün orqanlar lazımi yerlərə yerləşdirilmiş, məsələn, gözlərin yeri ilə sinə qəfəsində qorunan ürəyin yeri həm bir çox hikmətə görə təyin olunmuş, həm də gözə ən xoş görünəcək şəkildə yaradılmışdır. İnsan bədəninin xarici görünüşündə simmetriyanı təmin edən qızıl nisbətdən bəhs etmək mümkündür. Necə ki, rəssamlar çəkdikləri şəkillərdə bu qızıl nisbətdən istifadə edirlər. Belə ki, hər insanın ağzı, burnu, gözləri son dərəcə incə nisbətlə lazım olduqları yerə yerləşdirilmişdir. Bədəndəki simmetriya da ilk baxışda hər kəsin diqqətini cəzb edir.

Allah bir-birindən fərqli canlılarda Sani sifətini əks etdirən detallar yaratmışdır. Heç birinin xarici görünüşü bir başqasına bənzəmir. Tropik zonaya məxsus quşun qanadlarında, ya da çiçəyin yarpaqlarında fosforlu rənglər istifadə edilərkən kəpənəyin qanadlarında çox fərqli tonlar yaradılmışdır. Eyni şəkildə, sürünənlə quşun və ya dəniz canlısının görüntüsü də bir-birindən tamam fərqlidir. Bitkilər aləmində də Allah`ın sonsuz sənətini müşahidə etmək mümkündür. Belə ki, "Yer üzündə sizin üçün yaratdığı müxtəlif rəngli şeyləri də (sizə ram etdi)..." (Nəhl surəsi, 13) ayəsində bildirildiyi kimi, Allah bir-birindən fərqli milyonlarla növ bitki və çiçək yaratmışdır. Hamısının qoxusu, forması, rəngi, simmetriyası fərqlidir. Sadəcə bir çiçəyin, məsələn, bir səhləb çiçəyinin belə, bəlkə, yüzlərlə fərqli görünüşdə, fərqli rəngdə növü var. Eyni şəkildə, hər hansı bir gülün bir-birindən fərqli çoxlu rəngi və bu rənglərin də öz içlərində fərqli tonları var. Şübhəsiz, bu rənglər, tonlar, naxışlar açıq-aşkar bir sənətin nümunəsidir.

Allah bu qədər fərqli görüntüdə, amma hər biri çox estetik olan növləri göstərərək sənətindəki sonsuzluğu insanlara göstərmişdir. Diləsəydi, hər canlı növündən sadəcə bir növ də yarada bilərdi. Lakin bir neçə növ yaradaraq insanları heyrətləndirən sənət meydana gətirmişdir. Əlbəttə, bu sənəti kitab səhifələrində təsvir etmək, əskiksiz olaraq nümayiş etmək mümkün deyil. Çünki insan dünya üzərində başını çevirdiyi hər yerdə bu sənətin nümunələri ilə qarşılaşacaq. Allah qüsursuz yaradandır.

Allah hər bir canlını sudan yaratmışdır. Onlardan bəzisi qarnı üstə sürünür, bəzisi iki ayaq üstündə gəzir, bəzisi də dörd ayaq üstündə gəzir. Allah istədiyini yaradır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir. (Nur surəsi, 45)

Məgər Allah`ın quruda olanları və Öz əmri ilə dənizdə üzən gəmiləri sizə ram etdiyini görmürsənmi? Göyü də Öz izni olmadan yerə düşməsin deyə, O tutub saxlayar. Həqiqətən, Allah insanlara şəfqətlidir, mərhəmətlidir. (Həcc surəsi, 65)

SALAM (Hər cür təhlükələrdən qullarını salamatlığa çıxaran, cənnətdəki qullarına salam edən)

O Allah ki, Ondan başqa ilah yoxdur. Məlikdir; Qüddusdur; Salamdır; Mömindir; Mühəymindir; Əzizdir; Cabbardır; Mütəkəbbirdir. Allah şirk qoşduqlarından çox ucadır. (Həşr surəsi, 23)

Allah Özünə inananlara sonsuz cənnəti müjdələmişdir. Ancaq nəzərdən qaçırılan bir həqiqət var ki, iman edənlər yalnız axirətdə deyil, dünyada da gözəl bir həyatla mükafatlandırılmışlar. Allah dünyadakı və axirətdəki bu müjdəni Quranda belə bildirmişdir:

Sizdə olan nemətlər tükənəcək, Allah`ın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik. Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq. (Nəhl surəsi, 96-97)

Şübhəsiz, dünyadakı və axirətdəki gözəl həyat qulları üzərində sonsuz şəfqət sahibi olan Allah`ın Salam sifətinin təcəllilərindəndir. Dünyada gözəl həyat yaşayan, Rəbbimizə qulluq edib etdiyi saleh əməllərdən əcr qazanan mömin axirətdə də razı salınmış olaraq cənnətə girəcək. Allah səmimi qullarının axirətdə qarşılaşacaqları mühiti Quranda belə xəbər vermişdir:

Cənnət müttəqilərə yaxınlaşdırılacaq, uzaqda olmayacaqdır.
Budur sizə vəd edilən. O, hər bir üz tutan, (Onun əmrinə) riayət edən mərhəmətli (Allah`dan)
(Onu) görmədən qorxan və (Allah`a) yönəlmiş qəlblə gələn kimsələr üçündür.
"Ora sağ-salamat daxil olun! Bu, əbədiyyət günüdür. "
Orada onlar üçün istədikləri hər şey hazırlanmışdır. Üstəlik, hüzurumuzda bundan da artığı vardır. (Qaf surəsi, 31-35)

Allah`ın Salam sifəti, eyni zamanda, cənnətə qəbul etdiyi qullarına salam verməsi mənasına da gəlir. Allah Yasin surəsinin 58-ci ayəsində "Üstəlik, Rəhmli Rəbb: "Salam", deyəcək" şəklində buyuraraq cənnətə girən insanlara salam verəcəyini bildirir. Şübhəsiz, Allah`ın salamı möminlər üçün ola biləcək ən böyük müjdədir. Ayələrdə belə buyurulur:

Biz səni ancaq müjdə verən və xəbərdarlıq edən kimi göndərdik. (Furqan surəsi, 75)

Kora, çolağa, xəstəyə çətinlik yoxdur. Sizin özünüzə də öz evlərinizdə, yaxud atalarınızın evlərində, yaxud analarınızın evlərində, yaxud qardaşlarınızın evlərində, yaxud bacılarınızın evlərində, yaxud əmilərinizin evlərində, yaxud bibilərinizin evlərində, yaxud dayılarınızın evlərində, yaxud xalalarınızın evlərində, yaxud açarları əllərinizdə olan evlərdə, yaxud dostlarınızın evlərində yemək yeməkdən heç bir günah gəlməz. Bir yerdə, yaxud ayrı-ayrılıqda yeməyinizdə də heç bir günah yoxdur. Evlərə daxil olduğunuz zaman özünüzü Allah dərgahından bərəkət və xoşluq diləyən bir salamla salamlayın. Allah ayələri sizə belə izah edir ki, düşünüb daşınasınız! (Nur surəsi, 61)

SƏMİ (Eşidən)

Həqiqətən, özlərinə bir dəlil gəlmədən Allah`ın ayələri barəsində mübahisə edənlərin ürəklərində böyüklük iddiasından başqa bir şey yoxdur. Onlar heç vaxt buna çatmayacaqlar. Sən Allah`a sığın! Həqiqətən, O, eşidəndir, görəndir. (Mömin surəsi, 56)

İnsana şah damarından daha yaxın olan Allah həm hər şeyi görən, həm də eşidəndir. Allah kainatdakı hər səsi eşidir. Ucsuz-bucaqsız kosmosda böyük sürətlə irəliləyən qalaktikaların, planetlərin, meteoritlərin səslərini eşitdiyi kimi, mikro aləmdə yaşayan və insanların gözlə əsla görə bilməyəcəyi milyardlarla canlının da səsini eşidir. Çünki Özü bütün bunları yaradandır. Allah torpağın altında yarılan toxumun da, səmada çaxan şimşəyin də, yerə düşən bir yağış damlasının və ya uçan quşun qanad səsini də eşidir. Bu həqiqət "Dedi ki: "Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, eşidəndir, biləndir!" (Ənbiya surəsi, 4) ayəsi ilə bizlərə bildirilmişdir. Şübhəsiz, Allah`ın böyüklüyünün və qüdrətinin dəlillərindən biri bütün kainatdakı canlı və cansız bütün səsləri eyni anda eşitməsidir.

Allah yaşayan bütün insanların Özünə gizlicə yönələrək etdikləri bütün duaları eyni anda eşidir və eyni anda qarşılıq verir. Necə ki, bir başqa ayədə: "Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm..." (Bəqərə surəsi, 186) deyə bildirmişdir. Allah qatında zaman və məkan olmadığı, Allah hər an hər yerdə olduğu üçün bu, Ona çox asandır. Eyni zamanda, gizli pıçıltıların, danışıqların da hamısını eşidir.

Allah ürəkləri ürpərərək Özünə dua edənlərin, gizlicə yönəlib dönənlərin səslərini eşitdiyi kimi, üsyan edənlərin, inkar edənlərin də səslərini, qurduqları planların ən həssas nöqtələrini də eşidərək bilir. Onun elmi hər yeri əhatə etmiş, heç bir canlı Ondan gizli bir söz belə deyə bilməmiş və deyə də bilməyəcək. Axirətdə ağzından çıxan hər sözün qarşısına gətirildiyini görüncə bunu daha yaxşı anlayacaq.

De: "Allah`ı qoyub sizə nə bir zərər, nə də bir fayda verə bilməyən şeylərəmi ibadət edirsiniz? Allah eşidəndir, biləndir. " (Maidə surəsi, 76)

Rəbbi onun duasını qəbul etdi və onların hiyləsini ondan uzaq etdi. Həqiqətən, O, eşidəndir, biləndir. (Yusif surəsi, 34)

Göylərdə və yerdə nə varsa, Allah`a məxsusdur. Allah zəngindir, tərifəlayiqdir. Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də (mürəkkəb olub) ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allah`ın sözləri qurtarmazdı. Həqiqətən, Allah qüdrətlidir, müdrikdir. Sizi yaratmaq və diriltmək ancaq bir adamı yaratmaq və diriltmək kimidir. Həqiqətən, Allah eşidəndir, görəndir. Məgər Allah`ın gecəni gündüzə, gündüzü də gecəyə qatdığını, müəyyən olunmuş vaxtadək hərəkət edən günəşi və ayı ram etdiyini, üstəlik, Allah`ın, nə etdiklərinizdən xəbərdar olduğunu görmürsənmi? (Loğman surəsi, 26-29)

ŞAFİ (Şəfa verən)

"Xəstələndiyim zaman mənə şəfa verən Odur;" (Şüəra surəsi, 80)

İnsanın acizliyini qavradığı və nə qədər möhtac olduğunu ən çox anladığı zamanlardan biri də xəstə olduğu vaxtlardır. Allah insana bu duyğunu yaşatmaq üçün bir-birindən fərqli yüzlərlə xəstəlik yaratmışdır. Hər xəstəliyin insan üzərində meydana gətirdiyi fiziki və ruhi təsirlər bir-birindən çox fərqlidir. Ancaq hamısı hikmətli yaradılışın dəlilidir. Gözlə belə görülməyən bir virusun insanı tanınmayacaq hala gətirməsi, bədənə girən bir mikrobun, bəzən diaqnozunun qoyula bilməməsi Allah`ın gücünün ən açıq dəlillərindəndir. Elm adamlarının tək bir virusu ortadan qaldırmaq üçün apardıqları təcrübə və araşdırmalar Allah`ın yaratmadakı üstünlüyünü göstərir.

Xəstəliyi verən Allah olduğu üçün bu xəstəliyin keçməsi də ancaq Allah`ın diləməsi ilə olur. Allah dilədiyi təqdirdə Şafi sifəti ilə verdiyi xəstəliyi ortadan qaldırır. Necə ki, Allah diləmədikcə bütün dünyanın həkimləri, ən inkişaf etmiş texnoloji cihazlar, kəşf edilən ən son dərmanlar toplansa, yenə də o adamın xəstəliyinin yaxşılaşması qeyri-mümkündür. İstifadə edilən dərmanların hamısı xəstəliyin yaxşılaşması üçün vəsilədir. Əgər Allah diləyərsə, tətbiq olunan müalicəni vəsilə edərək adamın yaxşılaşmasına izn verər. Necə ki, Allah diləmədikcə çox sadə görünən xəstəlik də adamın ölümünə səbəb ola bilər.

Bu vəziyyətdə insanın vəzifəsi öz acizliyinin yanında Rəbbimizin sonsuz gücünü görmək və çətinlik çəkdiyi hər an Ondan kömək diləməkdir. Mömin bilməlidir ki, heç vaxt Allah`dan başqa köməkçi və vəli tapa bilməyəcək. Hz. Əyyub bu mövzuda Quranda nümunə göstərilən, Allah`a təslimiyyəti ilə təriflənən elçidir. Hz. Əyyubun şeytan tərəfindən özünə toxundurulan çətinlik qarşısında göstərdiyi gözəl əxlaq, səbir və təvəkkül bütün möminlərə nümunə olmuşdur. Mövzu ilə əlaqədar ayədə belə buyurulur:

Əyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi: "Mənə, həqiqətən də bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!" (Ənbiya surəsi, 83)

Bu çağırışın ardından Allah onun duasını eşitmiş və onu bu çətinlikdən qurtarmışdır. Hz. Əyyub isə səbir etmənin və yalnız Allah`a yönəlib dönmənin böyük əcrini almışdır.

O, həm dirildir, həm də öldürür. Siz yalnız Ona qaytarılacaqsınız. Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yolu göstərən rəhbər və mərhəmət gəlmişdir. De: "(Bunlar) Allah`ın lütfü və mərhəməti sayəsindədir! Qoy, onlar sevinsinlər. Bu ki, onların yığdıqlarından daha xeyirlidir. " (Yunis surəsi , 56-58)

Rəbbin bal arısına belə təlqin etdi: Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin asanlaşdırdığı yollarla get. (O arıların) qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır. (Nəhl surəsi, 68-69)

ŞƏFİ (Şəfaətçi)

Yoxsa onlar Allah`dan qeyrilərinimi özlərinə şəfaətçi etdilər? De: "Əgər onlar heç bir şeyə malik deyillərsə və heç bir şey anlamırlarsa, bəs necə olsun?" De: "Şəfaət bütünlüklə Allah`a məxsusdur. Göylərin və yerin hökmranlığı da Ona məxsusdur. Sonra siz Ona qaytarılacaqsınız" (Zumər surəsi, 43-44)

Allah`a şərik qoşaraq iman edənlər Onun hüzura gətirildikləri zaman mütləq bir şəfaətçinin şəfaətinə sığınacaqlarını və o şəfaətçinin özlərinə kömək edəcəyini zənn edirlər. İnanclarına görə, bu şəfaətçi bəzən onların günahlarını öz boynuna götürəcək, bəzən də onları müdafiə edəcək. Buna görə, dünya həyatında daima bu şəfaətçini razı etməyə çalışır, daim onu zikr edirlər. Halbuki, bu onların zənnidir və əsla baş verməyəcək. Allah bir çox ayəsində hesab günündə -Allah`ın diləməsi xaricində- heç kimin heç kimə şəfaət edə bilməyəcəyini bildirmişdir. Bu ayələrdən biri belədir:

Dinlərini oyun və əyləncə sayanları və dünya həyatının aldatdığı şəxsləri tərk et. Bununla xatırlat ki, heç kəs qazandıqlarına görə özünü məhvə məhkum etməsin. Allah`dan başqa onun nə bir hamisi, nə də bir havadarı olacaqdır. O, nə cür fidyə versə də, ondan qəbul olunmayacaq... (Ənam surəsi, 70)
O gün heç kim heç kimlə dost deyil, heç kim də bir başqasının günahını yüklənməz. Allah ancaq Özündən məmnun olduğu adamın şəfaət edə biləcəyini söyləyir. Bu adam da yalnız doğrunu söyləyəcək. İnkar edənlər üçün o gün nə köməkçi, nə də şəfaətçi var. Heç kim başqasının əvəzinə heç nə ödəyə bilməz. O gün heç bir dəstək, heç bir alış-veriş və heç bir şəfaət yoxdur. Heç bir insanın Allah`dan başqa vəlisi və şəfaətçisi də yoxdur...

Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da ərşə ucalan Allah`dır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz? (Səcdə surəsi, 4)

O gün insanlar heç bir yana meyil etmədən carçının arxasınca yeriyəcəklər. Ər-Rəhmanın qarşısında səslər kəsiləcək və sən yalnız pıçıltı eşidəcəksən.
O gün ər-Rəhmanın izn verdiyi və söz deməsinə razı olduğu şəxslərdən başqa heç kimin şəfaəti fayda verməyəcəkdir.
Allah onların gələcəyini də, keçmişini də bilir. Onların elmi isə Onu ehtiva edə bilməz!
(O gün) üzlər (əbədi) yaşayan, (yaradılanların) Qəyyumu (olan Allah) qarşısında zəlil bir görkəm alacaq. Günaha batanlar isə ziyana uğrayacaqlar.
Mömin olub yaxşı işlər görən şəxslər isə nə haqsızlıqdan, nə də naqislikdən qorxacaqlar. (Taha surəsi , 108-112)

Onun qarşısında, izn verdiyi kəslərdən başqa heç kimin şəfaəti fayda verməz. Nəhayət, (mələklərin) qəlbindən qorxu keçib getdikdə onlar: "Rəbbiniz nə buyurdu?" deyə soruşarlar, digərləri isə: "Haqqı (buyurdu)! " O, ucadır, böyükdür!– deyə cavab verərlər. (Səba surəsi, 23)

ŞARİH (Açan)

Məgər Allah`ın köksünü İslam üçün açdığı və Rəbbinin nura yönəltdiyi şəxs (kafirlə eyni ola bilərmi)? Qəlbi Allah`ın zikrinə qarşı sərt olanların vay halına! Onlar, həqiqətən, azğınlıq içindədirlər. (Zumər surəsi, 22)

Allah`ın və axirətin varlığı açıq-aşkardır. Ancaq buna baxmayaraq, insanların çoxu iman etmir. Həqiqi imanın ürəyə yerləşməsi isə ancaq yuxarıdakı ayədə bildirildiyi kimi, Allah`ın insanın köksünü İslam üçün açması ilə mümkündür. Belə ki, iman Allah`ın insana verdiyi ən böyük nemətdir. Allah`ın səmimi qulları üzərindəki fəzli və rəhməti olmasa, heç birinin qurtulması mümkün olmazdı. Allah insanları yaradarkən onlara pisliyə yönəldən nəfsi vermiş, lakin bununla bərabər, nəfsə də fücurunu (sərhəd tanımaz günah və pisliyi) və ondan çəkinməyi ilham edərək səmimi qullarının doğru yola çatmalarını təmin etmişdir.

Adamın vicdanı vasitəsi ilə çatdığı bu doğru yol, əlbəttə, səmimi imana sahib insanlara verilən bir nemətdir. Allah başqa ayələrdə bu neməti belə xəbər verir:

... Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır. Bunlar Allah`ın lütfü və neməti sayəsindədir. ... (Hucurat surəsi, 7-8)

Bütün dəlillərə baxmayaraq, necə yaradıldığını unudaraq inkara sapanların vəziyyəti isə fərqlidir. Allah vicdanından istifadə etməyən, nəfsinə uyan bu insanların ürəklərini İslama açmayacaq. Allah`ın bu şəxslər üçün Quranda verdiyi hökm belədir:

Həqiqətən, kafirləri qorxutsan da, qorxutmasan da, onlar üçün fərqi yoxdur, iman gətirməzlər. Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır. (Bəqərə surəsi, 6-7)

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allah`dan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız? (Casiyə surəsi, 23)

Məgər Biz sənin üçün köksünü açmadıqmı?
Yükünü səndən götürmədikmi?
(Onlar) belini bükürdü.
Biz adını sənə görə ucaltmadıqmı?
Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.
Həqiqətən, hər çətinliyin ardınca asanlıq gəlir.
(İşlərini) qurtaran kimi (Allah yolunda) çalış!
Rəbbinə üz tut! (İnşirah surəsi , 1-8)
Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə rəzalətə salar. (Ənam surəsi, 125)

ŞƏHİD (Şahid olan, hər zaman və hər yerdə hazır olan)

De: "Mənimlə sizin aranızda Allah`ın şahid olması yetər. Həqiqətən, O, qullarından xəbərdardır, görəndir." (İsra surəsi, 96)

Allah əzəli və əbədidir. Mütləq olan tək varlıqdır. Zamana və məkana tabe deyil. Buna görə də keçmiş və gələcək anlayışları Allah qatında eynidir. Allah keçmişdə olan bütün hadisələri də, gələcəkdə baş verəcək hadisələri də bilir. Kainatın ilk yaradıldığı andan etibarən, yox olacağı qiyamət gününə qədərki son ana qədər hər şeyə şahiddir.

Yaşanan hər hadisəni, söylənən hər sözü bilir. Allah qatında gizli olan heç nə yoxdur. Onun üçün gündüzün işıqlığı da, gecənin qaranlığı da birdir. Allah gecənin qaranlığında gizlənənlərin, bir yerə yığışaraq pıçıldaşanların bütün danışıqlarına da şahiddir. Cahil olan insan gecə qaranlığının günahlarını gizləyəcəyinə, heç kimin görməyəcəyinə və bilməyəcəyinə inanır. Halbuki, Allah insana hər an, hər yerdə şahiddir. Tək olanda da, milyardlarla insanın arasında olanda da insanın vəziyyəti Allah qatında eynidir. Quranda bu vəziyyət belə xəbər verilir:

Məgər Allah`ın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir. (Mücadilə surəsi, 7)

Allah bütün insanların hər an, hər saniyə ürəklərindəki niyyətə, ağıllarından keçən hər düşüncəyə şahiddir. Dünyada insanların yaşadıqları hər hadisəyə şahid olan Allah hesab günündə onlara əməllərinin tam qarşılığını əskiksiz verəcək. Allah`ın özünü görməyəcəyini, danışıqlarını eşitməyəcəyini zənn edənlər və gizli günahlarının qarşılarına heç vaxt çıxmayacağını düşünənlər qiyamət günündə nə qədər yanıldıqlarını anlayacaqlar. Çünki Allah insanın doğulduğu andan son nəfəsini verdiyi ölüm anına qədər yaşadığı hər hadisəyə bütün detalları ilə şahid olmuşdur. "O gün Allah onların hamısını dirildəcək və etdikləri əməlləri onlara xəbər verəcəkdir. Allah onları hesaba almış, onlar isə unutmuşlar. Allah hər şeyə şahiddir" (Mücadilə surəsi, 6) ayəsi ilə bildirdiyi kimi, insanın işlədiyi hər əməl axirətdə tam qarşılığını görəcək. Ayələrdə belə buyurulur:

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Yerdə və göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın yazıda olmasın. (Yunis surəsi, 61)

Fəqət Allah sənə nazil etdiyinə şahiddir. O, bu (Quranı) Öz elmi ilə nazil etmişdir. Mələklər də şahiddirlər. Şahid olaraq Allah kifayətdir. (Nisa surəsi, 166)

Onlara vəd etdiyimiz (əzabın) bəzisini sənə göstərsək və yaxud da (göstərmədən öncə) səni öldürsək, yenə də onların dönüşü Bizədir. Həm də Allah onların nə etdiklərinə şahiddir. (Yunis surəsi, 46)

(Quranın) haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil? (Fussilət surəsi, 53)

ŞƏKUR (Öz razılığı üçün edilən yaxşı işlərə daha gözəli ilə qarşılıq verən)

Əgər Allah`a gözəl bir borc versəniz, O, bunu sizin üçün qat-qat artırar və sizi bağışlayar. Allah şükürün əvəzini verəndir, Həlimdir.. (Təğabun surəsi, 17)

Şübhəsiz, Allah yer üzündə insanlara saysız nemət vermiş və bunların qarşılığında da yalnız şükür etmələrini əmr etmişdir. Allah İbrahim surəsinin 7-ci ayəsində şükürün əhəmiyyətinə belə diqqət çəkir: "RO zaman Rəbbiniz bildirmişdi: "Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, (bilin ki,) Mənim əzabım şiddətlidir."

Əlbəttə, Allah`dan gələn bütün nemətlərə əvəz olaraq şükür etməyən insanın mükafatı axirətdə əskiksiz veriləcək. Bu, Allah`ın sonsuz ədalətinin təcəllisidir. Ancaq Allah qullarına qarşı çox şəfqətli və mərhəmətlidir. Allah başqa bir ayəsində belə hökm etmişdir:

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər yaxşı əməl olarsa, bunu artırar və Öz tərəfindən böyük mükafat verər. (Nisa surəsi, 40)

Yuxarıdakı ayədə də göründüyü kimi, Allah nankorluq edəni əzabla cəzalandıracaq, ancaq yaxşılıq edənlərin əcrini də qat-qat artıracaq. Kim Allah üçün xeyir iş görsə, hesab günündə daha gözəli ilə qarşılığını alacaq. Kim Allah üçün savab iş görsə, hesab günündə daha yaxşısı ilə qarşılaşacaq.

İman gətirib yaxşı işlər görən qullarına Allah`ın müjdə verdiyi (nemət) budur. De: "Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm. "Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah bağışlayandır, şükürün əvəzini verəndir. (Şura surəsi, 23)

(Allah) onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, bağışlayandır, şükürün əvəzini verəndir. (Fatir surəsi, 30)

Onlar deyəcəklər: "Qəm-qüssəni bizdən uzaq edən Allah`a həmd olsun! Həqiqətən, Rəbbimiz bağışlayandır, şükürün əvəzini verəndir. " (Fatir surəsi, 34)

De: "Həqiqətən, Rəbbim istədiyinin ruzisini bol edər, (istədiyininkini də) azaldar. Lakin insanların çoxu (bunu) bilmir."

Sizi bizə yaxınlaşdıra biləcək nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Ancaq iman gətirib yaxşı işlər görənlər istisnadır. Məhz onların mükafatları etdikləri əməllərə görə qat-qat artırılacaq və onlar (cənnətdəki) mənzillərində asudə yaşayacaqlar.(Səba surəsi, 36-37)

Kimdir o şəxs ki, Allah`a gözəl bir borc versin, O da onun üçün bunu qat-qat artırsın? Onun üçün çox dəyərli bir mükafat da vardır.
O gün sən mömin kişilərin və mömin qadınların nurunun onların önlərindən və sağ tərəflərindən yayıldığını görəcəksən. (Onlara:) "Bu gün sizin müjdəniz (ağacları) altından çaylar axan cənnət bağlarıdır. Siz orada əbədi qalacaqsınız!" (deyiləcək.) Bu, böyük uğurdur. (Hədid surəsi, 11-12)

TƏVVAB (Tövbələri qəbul edib günahları bağışlayan)

Yalnız tövbə edənlər islah edənlər və bəyan edənlər istisnadır. Mən onların tövbəsini qəbul edərəm. Mən tövbələri qəbul edənəm, rəhmliyəm! (Bəqərə surəsi, 160)

Allah`ın ayələrində də bildirdiyi kimi, insan cahil və nankor olaraq yaradılmışdır. Hər an səhv edə, günah işləyə, zəiflik göstərə bilər. Həm də özünü daim Allah`a üsyan etməyə sövq edən, vəsvəsə verməyə çalışan düşməni - şeytan - var. Ancaq insana bu mənfi xüsusiyyətlərə görə edəcəyi səhvləri düzəltmək üçün yol göstərilmişdir: tövbə etmək...

Yuxarıda da ifadə etdiyimiz kimi, insan hər an səhv edə, günah işləyə və ya vəsvəsəyə qapıla bilər. Ancaq nə qədər böyük səhv etsə də, özü üçün dönüş yolu var. Allah səmimi olaraq tövbə edən qullarının tövbələrini qəbul edir və onları bağışlayır. Buna görə, insan keçmişində nə qədər qafil olsa belə, ümidsizliyə qapılması doğru olmaz. Allah Quranda belə xəbər verir:

De: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allah`ın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, bağışlayandır, rəhmlidir!(Zumər surəsi, 53)

Ancaq bütün bunlarla birlikdə unudulmamalı çox əhəmiyyətli bir həqiqət var:

Allah ancaq o kəslərin tövbələrini qəbul edir ki, onlar avamlıqları üzündən pis iş gördükdən sonra tezliklə tövbə edirlər. Allah onların tövbələrini qəbul edər. Həqiqətən, Allah biləndir, müdrikdir. Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: "Mən indi tövbə etdim!" deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq. (Nisa surəsi, 17-18)

Yuxarıdakı ayələrdə də bildirildiyi kimi, Allah ancaq səmimi qullarının tövbələrini qəbul edir. Çünki tövbə həqiqi peşmanlıq və eyni günahı bir daha təkrar etməmək qərarı ilə məna qazanır. Əks halda, bütün həyatını Allah`ın əmrlərinə üsyan edib, şeytana aldanaraq keçirmiş birinin ölümlə qarşılaşdığı anda gerçəyi anladığından ötrü davranışlarını dəyişdirməsinin mənası olmayacaq. Belə ki, bu haqda Quranda fironun səmimiyyətsiz tövbəsindən bu cür bəhs edilmişdir:

Biz İsrail oğullarını dənizdən keçirtdik. Firon və onun qoşunu zülm və düşmənçilik məqsədilə onları təqib etdilər. Nəhayət batdığı vaxt dedi: "İsrail oğullarının iman gətirdiklərindən başqa ilah olmadığına inandım. Mən də müsəlmanlardanam!" İndimi? Sən ki əvvəllər asilik etmiş və fəsad törədənlərdən olmuşdun. (Yunis surəsi, 90-91)

Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq, onlara dar gəlmiş, ürəkləri sıxılmış və yəqin bilmişdilər ki, Allah`dan, ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra peşman olsunlar deyə, onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir. (Tövbə surəsi, 118)

Əgər Allah`ın sizə lütfü və mərhəməti olmasaydı, Allah tövbələri qəbul edən və müdrik olmasaydı, (yalan danışanlar Allah`ın lənətinə gələrdilər). (Nur surəsi, 10)

VAHİD (Tək olan, şəxsində, sifətlərində, işlərində, adlarında, hökmlərində, əsla ortağı və ya bənzəri, tayı olmayan)

Sizin ilahınız tək bir ilahdır; Ondan başqa ilah yoxdur; O, Rəhmandır, Rəhimdir. (Bəqərə surəsi, 163)

Allah`ın böyüklüyünü qavramayan insanlar Allah`a bərabər güclər tapmağa çalışmış və bunun nəticəsində gözlərində böyütdükləri şeylərə ibadət etmişlər. Bəzisi çox parlaq və güclü gördüyü üçün Günəşi daha üstün tutmuş və ona ibadət etmiş, bəzisi də ulduzların qarşısında əyilmişdir. Hətta bəziləri bütün acizliklərinə baxmayaraq, özlərinin də güc sahibi olduqlarını iddia etməyə cəsarət etmişlər. Quranda hz. İbrahimlə Allah`ın gücü və birliyi mövzusunda mübahisə edən adam bu mövzuya veriləcək ən əsas nümunədir. Hz. İbrahim isə Allah`a kimsənin ortaq ola bilməyəcəyini belə bir örnəklə isbat etmişdir:

Allah`ın verdiyi hakimiyyətə görə İbrahim ilə Rəbbi barəsində höcətləşən kəsin (əhvalatını) bilmirsənmi? İbrahim: "Mənim Rəbbim həm dirildir, həm də öldürür!" – dedikdə: "Mən də həm dirildir, həm də öldürürəm!" – demişdi. İbrahim: "Allah günəşi məşriqdən gətirir. Sən də onu məğribdən gətir!" – dedikdə, o kafir çaşıb qalmışdı. Allah zalım qövmü doğru yola yönəltməz. (Bəqərə surəsi, 258)

Allah`dan başqa ilahlar tapmaq yalnız keçmişdə yaşayan insanlara məxsus olan ağılsızlıq deyil. Bu dövrdə də bir çox insan Allah`a ortaq qoşaraq, Onun yoldaşının və bənzərinin ola bilməyəcəyini inkar edir. Bu şəxslər bəlkə ətrafda Günəş, ulduzlar və s. kimi bütlər seçməmişdir, amma onlar da özləri kimi aciz olan digər insanlara və ya dəyər verdikləri əmtəələrə (zənginlik, gözəllik, güc və s.) sitayiş edirlər. Məsələn, bütün həyatlarını zənginlik, mal-mülk əldə etmək üçün keçirir və bu zaman Allah`ın özlərindən razı olub-olmadığını heç düşünmürlər. Allah`ı insanlarla, digər varlıqlarla bərabər tuturlar ki, bu da açıq-aşkar şirkdir.

Allah yaradandır. Heç kim Günəşi qərbdən gətirə bilməz, heç kim kosmosda fövqəladə bir sürətlə genişlənən kainatı dayandıra bilməz, heç kim göyü və yeri tuta bilməz və heç kim yoxdan bir insan yarada bilməz. Bunları ancaq kainatda tək olan və tayı-bənzəri olmayan Allah edə bilər. Yaradanla yaradılan isə əsla bənzər deyil. Quranda şirk qoşanların acizliyindən belə bəhs edilir:

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah`dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. (Bunu etmək) istəyən də aciz qalar, istənilən də! (Həcc surəsi, 73)

... Yoxsa onlar Allah`a, Onun yaratdığı kimi yaradan şəriklər tapdılar və (bu) yaradılış onlara bənzər göründü? De: "Hər şeyi yaradan Allah`dır. O, təkdir, qalib gələndir.” (Rəd surəsi,16)

... Məryəm oğlu İsa Məsih ancaq Allah`ın elçisi, Onun Məryəmə göndərdiyi kəlməsi və Onun tərəfindən bir ruhdur. Allah`a və Onun elçilərinə iman gətirin və: "(İlah) üçdür!" deməyin. (Batil əqidənizə) son qoyun! (Bu,) sizin üçün xeyirli olar. Həqiqətən, Allah tək İlahdır! O, pakdır, müqəddəsdir, övladı olmaqdan uzaqdır. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 171)

VARİS (Sərvətlərin həqiqi sahibi)

Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa heç kəs sakin olmadı. Onlara Biz varis olduq. (Qəsəs surəsi, 58)

İnsanlar dünyadakı həyatları boyunca daima qazanmağa, zənginliklərini, mal və mülklərini artırmağa çalışırlar. Hətta bəzi insanlar həyatı boyunca başqa heç bir məqsəd axtarmadan, varlığının gerçək səbəbini heç düşünmədən səhər-axşam daha çoxunu əldə etmək uğrunda çalışırlar. Ancaq bu insanların qulaqardı etdikləri bir həqiqət var:

De: "Sizə əməlləri baxımından ən çox ziyana uğrayanlar barəsində xəbər verimmi? O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər. (Kəhf surəsi, 103-104)

Bəli, bu insanlar həyatları boyu boş bir məqsəd uğrunda səy göstərirlər. Lakin bir gün bəlkə də heç gözləmədikləri bir anda ölüm mələkləri gəlir və Allah`ın əmri ilə onların canlarını alır. Hamının qibtə etdiyi böyük sərvətə sahib olan bu insanlar yalnız bir bezə sarılaraq torpağın bir neçə metr altına basdırılır və axirətə gedərkən ömürləri boyu qazandıqları heç nəyi özləri ilə apara bilmirlər. Torpağın içinə çılpaq bədənlərindən başqa heç nə qoyulmur. Onlar istəsələr də evləri, avtomobilləri, bütün malları, torpaqları və övladları geridə qalır. Axirətdə yanlarında olan isə yalnız təqvaları və Allah`a olan yaxınlıqlarıdır.

Onlardan sonra yer üzünə varis olan isə yalnız Allah və Onun zəngin etdiyi səmimi qullarıdır. Yuxarıda da ifadə etdiyimiz kimi, insan nə qədər istəsə belə, mal-mülkünə, dünyadakı etibarına, zənginliyinə sonsuza qədər sahib ola bilməz. Əlindəki hər şey ona qısa bir müddət istifadə etməsi üçün dünyada verilən nemətlərdir. Ancaq bu nemətləri verən Allah dilədiyi zaman adamın canını alar və malı dünyada, bədəni də torpaqda buraxılaraq Allah`ın hüzuruna çıxarılar...

Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və varis olan da Bizik. (Hicr surəsi, 23)

Zəkəriyyanı da (yada sal!) Bir zaman o, yalvarıb demişdi: "Ey Rəbbim! Məni tənha buraxma. Sən varislərin ən yaxşısısan!" (Ənbiya surəsi, 89)

Onlar Bizim hüzurumuza gələcəkləri gün necə yaxşı eşidəcək, necə də yaxşı görəcəklər! Lakin zalımlar bu gün açıq-aydın azğınlıq içindədirlər.
Sən onları işin bitmiş olacağı peşmançılıq çəkiləcək günlə qorxut! İndi onlar hələ qəflətdədirlər və iman gətirmirlər. Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır. (Məryəm surəsi, 38-40)

Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa (orada) heç kəs sakin olmadı. Onlara Biz varis olduq. (Qəsəs surəsi, 58)

VASİ (Hər şeyi əhatə edən, geniş olan)

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allah`ın lütfüdür, onu istədiyinə verər. Allah əhatə edəndir, biləndir. (Maidə surəsi, 54)

Allah`ın genişliyi bütün kainatı əhatə etmişdir. Yoxluqdan varlığı yaradan Allah məkana tabe deyil, bütün məkanlardan münəzzəhdir. Çünki məkanı da yaradan Allah`dır. Bəzi cəmiyyətlərdə Allah`ın göylərdə olduğu düşüncəsi hakimdir. Allah`a dua etdiklərində insanlar üzlərini göyə çevirərək batil bir inanca yönəlirlər. Həqiqət isə Quranda bildirilmişdir: "Məşriq də, məğrib də Allah`ındır! Hansı səmtə yönəlsəniz, Allah`ın üzü orada olar. Həqiqətən, Allah əhatə edəndir, biləndir." (Bəqərə surəsi, 115)

Halbuki, Allah Quranda göylərin və yerin Rəbbi olduğunu bizlərə bildirir. Bütün genişliyə sahib olanın da Özü olduğunu söyləyir. Allah hər yeri əhatə etmişdir. Allah`ın mülkü genişdir. Nemətləri tükənməz, rəhmətinin sərhədi yoxdur, bağışlaması da çox geniş olandır. Qullarının bütün ehtiyaclarını onlar heç bir şey etmədən qarşılayan Allah`ın rəhməti və mərhəməti sonsuzdur.

'Qəyyum' sifəti xüsusilə möminlər üzərində çox təcəlli edir. Yuxarıda da ifadə etdiyimiz kimi, Allah`ın rəhməti və mərhəməti son dərəcə genişdir. İnanan qullarını rəhməti ilə əhatə etmişdir və dünyada onları bütün düşmənlərdən qoruyur. Məsələn, insanlardan bəziləri dinə zərər vermək qəsdi ilə möminlərə nemətlərin gəlməsinə mane olmağa, onlara çətinlik yaratmağa çalışırlar. Münafiqlər: "... Allah`ın Elçisi yanında olanlara bir şey verməyin ki, dağılıb getsinlər!" (Munafiqun surəsi, 7) deyərək inananlara zərər verə biləcəklərini zənn edirlər. Halbuki, münafiqlərin görməzlikdən gəldikləri bir gerçək var: Allah dilədiyi qulunu geniş rəhmət xəzinəsindən zəngin edər. Çünki göylərin və yerin xəzinələri Onundur. Allah`ın geniş rəhmət sahibi olduğu bir ayədə belə bildirilir:

"Yalnız sizin dininizin ardınca gələnlərə inanın ki, kiməsə sizə verilənin bənzəri verilməsin, yaxud Rəbbinizin yanında sizə dəlil gətirməsinlər" De: "Şübhəsiz ki, doğru yol Allah`ın haqq yoludur! De: "Şübhəsiz ki, lütf Allah`ın əlindədir və onu istədiyinə verir! Allah əhatə edəndir, biləndir." (Ali-İmran surəsi, 73)
Göylərdə və yerdə nə varsa, Allah`ındır. (Bu, Allah`ın) pislik edənlərə əməllərinin cəzasını verməsi, yaxşılıq edənləri isə ən gözəli ilə mükafatlandırması üçündür.
Onlar kiçik günahlar istisna olmaqla, böyük günahlardan və iyrənc əməllərdən çəkinirlər. Həqiqətən, sənin Rəbbin geniş məğfirət sahibidir. O, sizi torpaqdan yaradanda da, siz analarınızın bətnində rüşeym halında olanda da sizi yaxşı tanıyırdı. Özünüzü təmizə çıxartmayın! Çünki O, kimin qorxduğunu yaxşı bilir. (Nəcm surəsi, 31-32)

VƏDUD (Yaxşı qullarını sevən, onları rəhmət və razılığına çatdıran, yaxud sevilməyə və dostluğu qazanılmağa layiq olan)

O, çox bağışlayandır, çox sevəndir. (Büruc surəsi, 14)

Allah insanları Özünə qulluq etmələri üçün yaratmışdır. Lakin buna baxmayaraq, bəziləri Allah`ı inkar edir, bəziləri də ölənə qədər tam səmimiyyətlə Ona sadiq qalır. Allah Özünə vəfa göstərən qullarına çox yaxındır, dua etdikləri zaman onları eşidir və qarşılıq verir, bir çətinliklə qarşılaşdıqları zaman daim onların yanındadır. Allah iman edənləri həyatlarının hər dövründə köməyi ilə dəstəkləyir.

İnsanın dünya həyatında qazana biləcəyi ən böyük nemətlərdən biri Allah`ın dostluğudur. Allah`ın sevdiyi qulları son dərəcə şərəfli və seçkin həyat yaşayırlar. Belə insanlar hər zaman heyranlıq və təqdir qazanan üstün əxlaqa sahib olurlar.

Allah sevimli qullarını Öz rəhmətinə qovuşdurur, onların cənnətə girmələrinə izn verir. Peyğəmbərlər və saleh möminlər Allah`ın sevgisini qazanmış çox qiymətli insanlardır. Onlar da Allah`ı çox sevir və yalnız Onun məmnuniyyətini qazanmaq üçün həyatlarını davam etdirirlər. Şübhəsiz, Allah`ın bir insanı sevməsi və onu dost olaraq seçməsi insana verilən ən böyük nemətlərdən biridir.

Rəbbinizdən bağışlanma diləyin, sonra Ona tövbə edin. Həqiqətən, Rəbbim rəhmlidir, sevəndir. (Hud surəsi, 90)

VƏHHAB (Hədiyyəsi çox olan, qarşılıqsız hədiyyə edən)

Yoxsa güclü və üstün olan, qarşılıqsız bağışlayan Rəbbinin xəzinələri onların yanındadırmı? (Sad surəsi, 9)

Daha əvvəl də bəhs etdiyimiz kimi, Allah möminlərə cənnətdə sonsuz xoşbəxtlik vəd etmiş və bu sonsuz xoşbəxtliyi dünya həyatları əsnasında da başlatmışdır. Saleh qullarını dünyada da gözəl bir həyatla yaşadacağını vəd etmişdir. Buna görə, səmimi möminlərin Rəbbimizdən istəyəcəkləri heç bir şeyin sərhədi yoxdur. Möminlər özlərini Allah`a yaxınlaşdıracaq, Onu xatırlamalarını, Ona şükür etmələrini təmin edəcək hər şeyi sərhədsiz olaraq istəyə bilərlər. Əlbəttə, Allah bu istəklərə dilədiyi şəkildə qarşılıq verər və möminlər üçün Rəbbimizin razılığı həmişə ən xeyirli şəkildə olar. Bu mövzuda Quranda verilən bir nümunə hz. Süleymanın duasıdır. Bir ayədə hz. Süleymanın: Həqiqətən, mən mal sevgisini Allah`ı zikr etməkdən ötəri seçdim (Sad surəsi, 32) - dediyi və daha sonra başqa bir ayədə belə dua etdiyi bildirilmişdir:

O dedi: Ey Rəbbim! Məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən, Sən bəxş edənsən. (Sad surəsi, 35)

Yuxarıdakı ayədə göründüyü kimi, hz. Süleyman Allah`dan heç kimə nəsib olmayan səltənət istəmiş və Rəbbimizi 'Vəhhab' sifəti ilə anmışdır. Çünki bilir ki, Allah səmimi qullarına dünyada və axirətdə qarşılıqsız olaraq hədiyyə edən, işlədikləri saleh əməllərin qarşılığını qat-qat artırandır. Bir ayədə belə buyurulur:

Ey Rəbbimiz! Bizi hidayət yoluna yönəltdikdən sonra qəlbimizi sapdırma və bizə Öz tərəfindən mərhəmət bəxş et. Həqiqətən, Sən bəxş edənsən. (Ali-İmran surəsi, 8)

VƏKİL (Özünə təvəkkül edənlərin işini düzəldib, onların edə biləcəyindən daha yaxşısını təmin edən)

Onlar: "İtaət edirik!" deyirlər. Sənin yanından çıxıb getdikdə isə onların bir qismi gecələr sənin dediyinin əksinə tədbir görürlər. Allah onların gecələr nə etdiklərini yazır. Onlardan üz döndər və Allah`a təvəkkül et! Qoruyan olaraq Allah yetər. (Nisa surəsi, 81)

Allah imanlı, səmimi qullarına qarşılaşdıqları hər cür vəziyyətdə Özünə güvənmələrini söyləyir. Necə ki, bütün peyğəmbərlər Allah`ın dinini izah edərkən bir çox çətinliklə qarşılaşmış, xitab etdikləri birliklər çox vaxt onlara düşmənliklə qarşı çıxmışlar. Ancaq elçilər Allah`ın birliyini, Onun əmr və qadağalarını izah etmə mövzusunda hər zaman cəsur və qərarlı olmuşlar. Həmişə Allah`ı vəkil tutmuş, yalnız Onun məmnuniyyətini axtarmışlar.

Allah dininə kömək edənlərə kömək edəcəyini Quranda bizlərə bildirmişdir. Əlbəttə ki, möminlərin qarşısında onlara qarşı mübarizə aparan, şeytanı izləyən birliklər daim olur. Bu birliklər möminlərə mane olmaq üçün geniş əhatəli planlar qura bilirlər. İncidən sözlər və böhtanlarla möminlərin şövqlərini qırmağa çalışırlar. Amma heç bir zaman istədikləri olmur. Onların güvəndiyi şeylər Allah`ın gücü və sonsuz ağlı yanında etibarsızdır. Allah qurduqları hər planı ən incə detalına qədər bilən və görəndir. Allah küfrün tələlərini pozur. Allah Özünü dost etmiş, səbirli və qərarlı möminlərə kömək edir. Ən gözəl nəticə ilə möminləri müvəffəqiyyətə qovuşdurur. Bu, son dərəcə metafizik, əsla inkarçıların anlaya bilməyəcəyi və sahib ola bilməyəcəyi böyük bir gücdür. Mütəvəkkil möminlər bu sayədə maddi və mənəvi cəhətdən böyük qüvvət qazanmış olurlar. Allah Quranda yalnız Özünə yönələn qullarının qazandığı güclə əlaqədar ayələrdə belə buyurur:

Yaxşı əməl sahibi olub özünü Allah`a təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allah`a qayıdır. (Loğman surəsi, 22)

(Bəzi) adamlar onlara: "Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!" dedilər. Bu, onların imanını daha da artırdı və onlar: "Allah bizə yetər. O, nə gözəl qoruyandır!" dedilər. (Ali-İmran surəsi, 173)

Allah`ı vəkil tutmalarının qarşılığı isə hər zamankı kimi zəfər olmuşdur. Ayələrdə belə buyurulur:

Onlar özlərinə heç bir pislik toxunmadan Allah`ın neməti və mərhəməti sayəsində geri döndülər və Allah`ın razılığına tabe oldular. Allah böyük lütf sahibidir. (Ali-İmran surəsi, 174)

O, məşriqin və məğribin Rəbbidir. Ondan başqa məbud yoxdur. Elə isə Onu himayəçi götür! (Müzzəmmil surəsi, 9)

De: "Allah`ın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O, bizim himayədarımızdır. Qoy möminlər Allah`a təvəkkül etsinlər!" (Tövbə surəsi, 51)

VƏLİ (İman gətirənlərin dostu)

Allah iman gətirənlərin himayədarıdır, onları zülmətlərdən nura çıxarır. Kafirlərin dostları isə tağutlardır, onları nurdan zülmətə salarlar. Onlar od sakinləridirlər və orada əbədi qalacaqlar. (Bəqərə surəsi, 257)

İnsanın həm dünyada, həm də axirətdə yeganə həqiqi dostu var. Bu dost onu heç vaxt buraxıb getmir, əsla tərk etmir, hər çətinlikdə yanındadır və ona kömək edir. Doğulduğu gündən öldüyü günə qədər daim onunla birlikdədir. Onu düşmənlərinə qarşı qoruyur. Onun üçün hər kəsdən daha etibarlıdır, daim qarşılıqsız bəxş edəndir. Şübhəsiz, bu dost Rəbbimiz olan Allah`dır. Allah möminlərin ən çox güvəndiyi, ən yaxın dostudur. Özünə inanan insanları hər cür əskiklikdən və səhvdən təmizləyir, onlara çox seçkin həyat və axirətdə də heç tükənməyəcək olan mülk vəd edir.

İnsan ömrü boyu həqiqətən güvənəcəyi, hər vəziyyətdə çətinliyini aradan qaldıran, zəngin və müqtədir insan, ya da güc axtarışı içindədir. Lakin bunu axtararkən onsuz da özünü yaratmış, həyatını davam etdirməsini təmin edən böyük qüvvət sahibi, hər şeyi etməyə qadir olan Rəbbimizi unudur. Özünə pislikdən başqa heç bir xeyri olmayan, axirətdə də cənnətdə mülk sahibi olmasına mane olan şeytanı dost seçir, bu, onun üçün qaranlıq dünyanın başlanğıcıdır.

Allah`a iman edən, imanında da səmimi olan insanlar isə artıq heç məğlubiyyəti olmayan şərəfli və xeyirli həyat yaşayırlar. Çünki Allah inananlara dininə və sözlərinə sadiq olduqları müddət ərzində zəfər nəsib edəcək. Əsl böyük qarşılığı isə axirətdə onlara verəcək. Allah inananların dünyada və axirətdəki tək gerçək dostudur. Allah`ın vəli sifəti ayələrdə belə xəbər verilir:

Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər. (Nisa surəsi, 45)

O zaman sizlərdən iki dəstə ruhdan düşməyə hazır idilər. Allah isə onların yardımçısı oldu. Qoy möminlər Allah`a təvəkkül etsinlər. ( (Ali-İmran surəsi, 122)

(İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini yayan Odur. O, himayəçidir, tərifəlayiqdir. (Şura surəsi, 28)

Yoxsa onlar: "O, Allah`a qarşı yalan uydurdu", – deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları biləndir. Qullarının tövbəsini qəbul edən, günahları bağışlayan və sizin nə etdiyinizi bilən Odur. O, iman gətirib yaxşı əməllər edənlərin duasını qəbul edər və Öz lütfünü onlara artırar. Kafirlər üçün isə şiddətli əzab hazırlanmışdır. Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O, Öz qullarından xəbərdardır, görəndir. (İnsanlar) ümidlərini kəsdikdən sonra yağış endirən və Öz mərhəmətini yayan Odur. O, himayəçidir, tərifəlayiqdir. (Şura surəsi, 24-28)

ZÜLCƏLALİ-VƏL-İKRAM (Həm böyüklük sahibi, həm kərəm və ikram sahibi olan)

Cəlal və ikram sahibi olan Rəbbinin adı nə ucadır. (Rəhman surəsi, 78)

Dünyada insanın xoşuna gələcək saysız nemət var. Allah qullarının məmnun olacağı müxtəlif detallarla dünyanı bəzəmişdir. Ancaq Allah`ın sonsuz kərəm və lütfkarlığını göstərəcəyi əsl məkan cənnətdir. Quranda təsvir edilən cənnət Onun sonsuz ikramını nümayiş etdirir.

Cənnətin Quranda izah edilən ən nəzərə çarpan xüsusiyyətlərindən biri nəfslərin arzuladığı hər şeyin möminlərə verilməsidir. Cənnətin altından çaylar axır, yeməkləri və kölgəlikləri daimidir, nə isti, nə soyuqdur. Allah Özündən bir rəhmət olaraq saleh qullarını cənnət bağçalarındakı kölgəliklərdə və bulaq başlarında saxlayacaq. Növbənöv incəliklərə və gözəlliklərə sahib olan cənnətdə möminlərə arzuladıqları meyvələrdən və ətdən bol-bol veriləcək.

Möminlər cənnətə daxil olub saysız-hesabsız ruziyə çatarlar. Həm də cənnətdə inananları bir-birinin üstündə tikilmiş otaqlar gözləyir. Bu köşklərin altından çaylar axır. Qızıl-gümüş, ləl-cavahiratla bəzənmiş taxtlar üstündə oturacaq və ətraflarına tamaşa edəcəklər. Bu zaman edilən ikram da son dərəcə ehtişamlıdır. Məin (şərab) dolu piyalələr, kuzələr və qədəhlərlə onların dövrəsində həmişəcavan xidmətçi oğlanlar dolanacaqlar. Bu xidmətlər əsnasında möminlərin geyimləri də son dərəcə göz oxşayandır; Quranda belə buyurulur:... Onlar orada qızıl bilərziklərlə və incilərlə bəzədiləcək, libasları da ipəkdən olacaqdır. (Həcc surəsi, 23)

Şübhəsiz, Qurandakı cənnət təsviri yuxarıda izah edə bildiyimizdən çox üstündür. Aşağıdakı ayələr Allah`ın cənnətdəki sonsuz kərəmini və ikramını açıq şəkildə bildirir:

... Orada nəfslərin istədiyi və gözlərə xoş gələn hər şey olacaqdır. Siz orada əbədi qalacaqsınız. (Zuxruf surəsi, 71)

(Cənnətdə) hara baxsan, nemət və əzəmətli səltənət görərsən. (İnsan surəsi, 20)

O, yeri məxluqat üçün döşədi. Orada meyvələr və salxımlı xurma ağacları vardır. Həmçinin saçaqlı dənli bitkilər və xoş ətirli çiçəklər də vardır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 10-13)

(Allah) iki məşriqin və iki məğribin Rəbbidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? O, qarşı-qarşıya gələn iki dənizi bir-birinə qovuşdurdu. Onların arasında maneə vardır, onu keçə bilməzlər. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Onlardan mirvari və mərcan çıxır. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Dənizdə dağlar kimi, yelkənləri qaldırılmış halda üzən gəmilər də Onundur. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Yer) üzündə olan hər kəs ölümə məhkumdur. Ancaq Rəbbinin əzəmətli və kəramətli üzü əbədidir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? Göylərdə və yerdə olan hər kəs Ondan diləyir. O, hər gün bir işdədir. Elə isə Rəbbinizin hansı nemətlərini yalan sayırsınız? (Rəhman surəsi, 10-30)

ZAHİR (Aşkar olan)

O, Əvvəldir, Axırdır, Zahirdir, Batindir. O, hər şeyi biləndir. (Hədid surəsi, 3)

Allah`ın varlığının dəlilləri düşünən hər insanın rahatlıqla təsbit edə biləcəyi qədər aşkardır, bütün kainata yayılmışdır. İnsanın Allah`ın varlığını qavraya bilməsi üçün heç bir araşdırma etmədən, yalnız içində yaşadığı mühiti diqqətlə araşdırması kifayətdir. Çünki bütün kainat yaradılış dəlillərini nümayiş etdirən detallarla doludur. Ən sadəsindən ən kompleksinə qədər var olan bütün sistemlər son dərəcə kompleks, araşdırdıqca daha çox sirri ortaya çıxaran yaradılış möcüzələri ilə doludur. Allah bu möcüzələrlə əlaqədar Quranda belə nümunələr vermişdir:

Məgər onlar başları üstündəki göyə baxıb onu necə yaratdığımızı və necə bəzədiyimizi görmürlərmi? Orada heç bir yarıq da yoxdur. Biz yeri döşədik, orada möhkəm dağlar yerləşdirdik və gözoxşayan bitkilərin hər növündən yetişdirdik. (Qaf surəsi, 6-7)

Məgər onlar (başları) üzərində dəstə-dəstə pərvazlanıb (uçan), (hərdən də qanadlarını) yığan quşları görmürlərmi? Onları ancaq mərhəmətli (Allah) saxlayır. Şübhəsiz ki, O, hər şeyi görür. (Mülk surəsi, 19)

Şübhəsiz ki, toxumu da, çərdəyi də Allah çatladır. O, ölüdən diri çıxarır, diridən isə ölü çıxarır. Budur Allah! Siz necə də döndərilirsiniz! Dan yerini də O sökür. O, gecəni dinclik, günəşi və ayı isə hesablama (ölçüsü) etdi. Bu, qüdrətli və bilən Allah`ın müəyyən etdiyi hökmdür. Qurunun və dənizin qaranlıqlarında yolu tapa biləsiniz deyə, sizin üçün ulduzları yaradan Odur. Artıq Biz ayələri bilən bir qövmə izah edirik. (Ənam surəsi, 95-97)

Şübhəsiz, yuxarıdakı ayələrdə deyilənlər sadəcə bir neçə mövzudur. Allah Quranda verdiyi daha bir çox örnəklə qullarına Öz varlığını xatırladır. Möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri də ətraflarında gördükləri hər şey üzərində dərin düşünmələri və nəticədə, Allah`ın varlığını və böyüklüyünü dərk etmələridir. Çünki yuxarıda da ifadə etdiyimiz kimi, içində yaşadığımız kainatdakı hər detal insana özünün yaradılmış olduğunu hiss etdirir.

Bütün kainatın yaradıcısı olan Allah`ın böyüklüyünü, ucalığını dərk edən ağıl sahibi insan, əlbəttə ki, axirətdə hesab verəcəyi Allah`a qarşı dərin bir qorxu duyur və bütün həyatını Onu razı etməyə çalışaraq keçirir. Bir ayədə möminlərlə əlaqədar olaraq belə buyurulur:

O kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allah`ı yad edir, göylərin və yerin yaradılması haqqında düşünür (və deyirlər:) "Ey Rəbbimiz! Sən bunları əbəs yerə xəlq etməmisən. Sən pak və müqəddəssən. Bizi odun əzabından qoru! " (Ali-İmran surəsi, 191)

Ey insanlar! Sizə bir məsəl çəkilir. Onu dinləyin. Şübhəsiz ki, Allah`dan başqa ibadət etdikləriniz bir milçək belə yarada bilməzlər, hətta bunun üçün bir yerə yığışsalar belə. Əgər milçək onlardan bir şey götürüb aparsa, bunu ondan geri ala bilməzlər. İstəyən də aciz qalar, istənilən də! Onlar Allah`ı lazımınca qiymətləndirmədilər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir! (Həcc surəsi, 73-74)

PAYLAŞIN
logo
logo
logo
logo
logo
Yükləmələr
  • Sizi yaradan Allah`ı nə qədər tanıyırsınız?
  • Allah`ın isimləri: ƏDL - XƏBİR
  • Allah'ın İsimləri: HADİ- MƏLCA
  • Allah'ın İsimləri: MƏLİK- MÜZİL
  • Allah'ın İsimləri: MÜĞNİ – ZAHİR
  • Təkamül yalanı
  • Yaradılış həqiqəti - 1
  • Yaradılış həqiqəti - 2